Qozun naxışı, cökənin ətri, armudun çömçəsi - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

Qozun naxışı, cökənin ətri, armudun çömçəsi - ƏYALƏTDƏ KİM VAR, KİM YOX
11:04 24 Aprel 2015
279 Sosial
Ölkə mətbuatı
A- A+

Əlbəttə, dünyaya göz açan, yaşayan hər bir insan özlüyündə maraqlıdı. Hər kəsin  təkrarolunmaz, unikal taleyi var. Həyatımızı rəngarəng eləyən də elə ətrafımızdakı insanların taleyindən saçılan enerji və hadisələrdi. Gurultulu şəhər xaosundan uzaq olan rayon və kəndlərimizdə sonsuz sayda, maraqlı talelər yaşayan  insanlarımız var. Bu dəfə Tovuzun Alakol kəndində yaşayan taxta üzərində oyma ustası Alı müəllimlə söhbətləşməyi qərara aldıq. Bu sənətkar haqqında çoxdan eşitsəm də üzünü görməmişdim. Odur ki, fürsəti ötürməyib Alakol kəndinə yollandıq və ustanı öz evində tapdıq. Gəlişimizin səbəbini bildirdikdən sonra müəllimin təklifi ilə əvvəlcə, onun kənd məktəbində dərs keçdiyi otağına gəldik. Alı müəllim kənd orta məktəbində düz 28 il rəsm və əmək təlimi dərsləri tədris etdiyini söylədi.

- Müəllim, bəs hal-hazırda dərs demirsiniz?
 

- Yox, artıq məktəbdə müəllim olaraq fəaliyyət göstərmirəm. Gördüyünüz kimi, bu balaca otaqda iki  şagird partası var.  Yalnız fərdi qaydada beş nəfər şagirdə sənət öyrədirəm. Azyaşlı qız nəvəm də bu şagirdlərin arasındadı. Bu sənət elədi ki, əvvəlində mütləq rəsm çəkməyi bacarmalısan,  ağac üzərində oymaya və misgərliyə isə sonra keçid ala bilərsən.

- Aha, demək, sənəti uşaqlara sistemli şəkildə öyrətməyə çalışırsınız. Bəs,  özünüz harada təhsil almısınız?

 

 

- Mən 1976-cı ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişəm. Təhsilimi tamamladıqdan sonra elə öz kəndimizin orta məktəbinə təyinat alıb, burada rəsm və rəsmxətt müəllimi, həm də icraçı heykəltəraş kimi işləmişəm.

 

 

- Başqa heç bir yerdə işləməmisiniz?

 

 

- Yox. Necə deyərlər, elə öz kəndimizdə yaşayıb-yaradıram. Həyat elə gətirdi ki, bütün istedadımı ağac üzərində oymaya sərf elədim. Ancaq diplom işini heykəltəraşlıqdan müdafiə eləmişəm. Kəndimizdəki 20 Yanvar faciəsinə həsr olunmuş abidənin müəllifi də mənəm. Yeri gəlmişkən, bu heykəl-stend Azərbaycanda yanvar faciəsini əks etdirən abidələrin ilklərindəndi, ikinci yaxud üçüncü ilk əsərdən biridi. Özüm Rəssamlar Birliyinin üzvüyəm. Azərbaycan incəsənətində ağac üzərində oyma sənətini yaşatdığıma görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Hazırkı məşğuliyyətimə gəldikdə isə, deyim ki, öz evimdə sifariş qəbul edirəm. Bir azdan bizə qayıdacağıq, emalatxanamdakı işləri sizə göstərəcəm.

 

- Emalatxanada o işləri kiminlə görürsünüz, yəni ağır işlərdə şagird köməyindən istifadə edirsinizmi?

 

 

- Son vaxtlar sifarişlərin ağırlığını  nəzərə alıb oğlum Zakiri və bacıoğlum Ədaləti özümə köməkçi götürmüşəm. Mənə kömək edirlər və bu sənəti öyrənirlər. Artıq özləri sərbəst işləyə bilirlər. Gəlin evə gedək, yəqin çay hazırlamış olarlar.

 

Biz dostum Eminin maşınına əyləşib  Alı müəllimgilə gəlirik. Bilirəm ki, adətən, belə sənətkarların əli dinc durmur, həyət - bacada nəsə qeyri-adi işlər görürlər. Dediyim qəribəlik burda da özünü göstərdi, darvazadan içəri girən kimi həyətdə budaqlarına gül-çiçək sarılmış iki palma ağacı diqqətimizi cəlb elədi. Sənətkar və oğlu,  bizi dümağ çiçək açmış armud ağacının yanından hərləyib evin arxasındakı emalatxanaya apardı. Qəfildən müxtəlif ağac məmulatları üzərində oyulmuş naxışlar aləminə düşdük. Üstündə naxışlar oyulmuş taxta parçaları sehrli əllə cana gəlmişdilər. Burada hər bir taxtanın öz gözəlliyi, öz ətri vardı. Biz bu işləri fotoya aldıqdan sonra söhbətimizə davam eləmək üçün qoşa palma ağacının yanında açılmış çay süfrəsinə əyləşdik.

 

 

- Alı müəllim, bu nəhəng naxışları oyub hazırlamağa yəqin ki xeyli fiziki güc lazımdı...

 

- Əlbəttə, güc lazımdı, ancaq bu işlər mənə elə də ağır gəlmir. İnsan sevdiyi işlə məşğul olanda həm də mənəvi  rahatlıq tapır. Özü də mən naxış vurarkən, elektrik avadanlıqlardan istifadə eləmirdim. Ancaq son vaxtlar məndə taxta tozuna qarşı allergiya əmələ gəlib, daha emalatxanaya az-az girirəm.

 

- Həə, demək,  işləri şagirdləriniz görür...

 

 

 

- Bəli, bayaq dediyim kimi, oğlum, bir də bacımoğlu. Bilirsizmi, naxışdan sonra taxtanın müxtəlif yerlərini cilalamaq lazım gəlir. Həmin hamarlama vaxtı yüksək sürətli elektrik avadanlıqlardan istifadə eləyirik. Bu da taxtanı toz kimi ətrafa püskürür. Nə qədər qorunsan da xeyri yoxdu, adamın nəfəs borusuna çökür. Son vaxtlar ayağımı emalatxanaya qoyan kimi allergiyam başlayır. Ona görə uşaqlara tapşırıq, istiqamət verib tezcə çıxıram.

 

 

- Ancaq sifarişləri özünüz qəbul eləyirsiniz yəqin.

 

 

- Bəli, sifarişi mən qəbul eləyirəm, qiyməti mən danışıram. Öz el-obamdı, lazım olanda qiymətdə də  güzəşt edirəm.

 

- Oyduğunuz naxışlar öz fantaziyanızdan doğur, yoxsa başqa istinad mənbələriniz var?

 

- İş prosesində bədahətən naxış yonmağım çox olub, lakin qoşa  qapılar, pilləkən sürahiləri, sütunlar işləyərkən əvvəlcədən yüz ölçüb, bir biçirəm. Əsas milli naxışlar oymağı çox sevirəm. Tarixi simvolik naxışlardan da çox istifadə edirəm.

 

- Hansı naxışlardan istifadə edirsiniz?

 

 

- Mənim ruhuma ən yaxın olan Səlcuq mədəniyyəti, Səlcuq arnamentləridi. Bu naxışları işləyərkən özümü çox sərbəst və rahat hiss edirəm. Nə qədər mürəkkəb olsalar belə, onları taxta üzərinə daha rahat, daha şövq ilə oyub həkk edirəm.

 

- Naxış vurma prosesi necə başlayır və necə başa çatır?

 

- Əvvəlcə, cilalanmış taxtanın üzərinə oymaq istədiyin naxışı qələmlə çəkirsən, sonra fiqurlu iskənələrlə onu oymağa başlayırsan. Oyma prosesi tam başa çatdıqdan sonra, naxışa “dolğu” deyilən xüsusi maye vurulur. Arxasınca parıldamayan lak gəlir, sonra qoz rəngi deyilən boya ilə rənglənir. Hərdən sifarişçi başqa cür arzulasa da, mən ağacın təbii rəngini saxlamağa üstünlük verirəm.

 

 

- Bölgədə kifayət qədər tanınmış  sənətkarsınız, sifarişçiniz çoxmu olur?

 

 

- El-obamız var olsun, mənim işimi arzulayanlar çoxdu. Bəzən əlimdə iş olduğuna görə müştəri altı ay, bir il, iki il gözləməyə məcbur olur. Odu ki, işim sifarişçinin xoşuna gələndə özümü xoşbəxt sanıram.

 

- Əsasən hansı ağaclarla işləyirsiniz?

 

 

- Qoz ağacı, şabalıd, fıstıq, xar tut, armud, cökə.

 

- Bəs ən çox hansı ağacla işləməyi sevirsiniz?

 

- Qoz ağacında oymanı çox sevirəm. Bu ağacın teksturası sıx olduğuna görə, rahat oyulur, həm də rəngi naxışa yaxşı yatır. Cökə ağacının ətri çox gözəl olur. Armud isə hər tərəfə rahat yonulur, çarpanaq vermir. Ona görə köhnə sənətkarlar çömçə-qaşığı armud ağacından düzəldərdilər.

 










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR