Avropa Oyunlarında Bakı yollarında hərəkət necə olacaq? - ƏYANİ REPORTAJ

Avropa Oyunlarında Bakı yollarında hərəkət necə olacaq? - ƏYANİ REPORTAJ
12:09 24 Aprel 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Hər ötən gün bizi Bakı-2015 Avropa Oyunlarına bir qədər də yaxınlaşdırır. Oyunlar zamanı tətbiq olunacaq yeniliklərdən biri də T-all nəqliyyat sisteminin yaradılmasıdır. Bu sistem daxilindəki avtobuslardan mətbuat nümayəndələri, yayım şirkətlərinin üzvləri, işçi qüvvə, rəsmi qonaqlar və Avropa Oyunları ailəsinin üzvləri istifadə edə biləcək.

 

Avropa Oyunlarına aid bütün avtobus və maşınlar oyunların marşrut şəbəkəsi daxilindəki əvvəlcədən seçilmiş xüsusi yollarla hərəkət edəcək. Bu şəbəkəni əhatə edən 47 km-lik yolda rəsmi maşınların yarış məkanlarına və bəzi digər məkanlara maneəsiz hərəkəti tam təmin olunacaq.

 

Dayanacaqlarda və paytaxtın bir sıra hissələrində marşrut şəbəkəsinin xüsusi lövhələri, nəzarət kameraları quraşdırılacaq. Yollarda hərəkətin fasiləsizliyi yol polisi tərəfindən tənzimlənəcək. Avropa Oyunlarına aid bütün avtobus və maşınların hərəkəti üçün ayrılmış yollardan piyadaların keçməsinə icazə verilməyəcək.

 

Azərbaycana rəsmi giriş nöqtəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı olacaq. Bura akkreditasiyanı təsdiqləmə mərkəzi olan yeganə giriş limanıdır. Oyunlarla bağlı ölkəmizə səfər edəcək əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün hava limanında sadələşdirilmiş viza prosedurları həyata keçiriləcək.

 

Əcnəbi vətəndaşlar Oyunların açılışına 10 gün qalmışdan etibarən Oyunların başa çatmasının son gününə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində 30 günlük birdəfəlik giriş vizası ala biləcəklər.

 

Bununla yanaşı, 2015-ci il 29 may-1 iyul tarixlərində hava limanı ilə Media Kəndi və rəsmi media otelləri arasında nəqliyyat vasitələri fəaliyyət göstərəcək. Lakin ölkəyə  digər giriş nöqtələrindən daxil olanlar üçün belə bir xidmətin göstərilməsi nəzərdə tutulmur.

 

Mətbuat nümayəndələrinin Media Kəndi və yarış obyektləri arasında fəaliyyət göstərəcək T-All nəqliyyat sistemindən istifadə imkanı olacaq. İdman obyektinə çatdıqdan sonra isə onlar   təhlükəsizlik yoxlanışından keçərək içəri daxil olacaqlar. T-All sisteminə 50 oturacaqlı, kondisionerlə təchiz olunmuş müasir tipli avtobuslar daxildir. Bu sistem 29may-1iyul tarixlərində səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək.

 

Yarışlar zamanı Bakı Bulvarında xüsusi qatarlar, Limanda isə qayıqlar xidmət göstərəcək ki, həmin nəqliyyat vasitələrinin hərəkət xətti Ağ şəhərlə Bayraq Meydanı obyektlər qrupunu birləşdirəcək.

 

Oyunlar ərzində Media kəndi də daxil olmaqla, heç bir idman obyektində media üçün parkinq olmayacaq.

 

Hər halda, istər piyada, istərsə də maşınla hərəkət zamanı yol hərəkəti qaydalarını bilmək və əməl etmək mühüm məsələdir.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR