"Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib

12:32 24 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:25 ]


Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, ölkədə son illərdə əqli mülkiyyətin iqtisadiyyatdakı rolu artıb.

 

Komitə sədri deyib ki, əqli mülkiyyətin potensialı iqtisadi inkişafın vacib alətinə çevrilir və Azərbaycanın  iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir: "İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır".

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından danışıb.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu qeyd edib: “Bu gün biz deyə bilərik ki, müstəqillik dövrü ərzində Azərbaycanda insanların yaradıcılıq fəaliyyətinin stimullaşdırması və müəllif hüquqlarının qorunması sahəsində olduqca mühüm işlər görülüb. Bu, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun qəbul edilməsilə Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələ ilə başlanıb. Bu sahədə qanunvericilik sistemimiz milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla qurulub, yeni informasiya cəmiyyətinin inkişafından və “biliklərə əsaslanan iqtisadiyyat”dan irəli gələn tələblər nəzərə alınmaqla, daim təkmilləşib”.

 

K. İmanov əlavə edib ki, Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı və ya iştirakı ilə əqli mülkiyyət, müəllif-hüquq münasibətlərinin müxtəlif sahələri üzrə, o cümlədən rəqəmli şəbəkələrdə müəllif hüquqları obyektlərinin istifadəsi, onlara əlçatanlığın təmin edilməsi, Azərbaycanın tarixi-mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi və plagiat edilməsinin qarşısının alınması və digər məsələlərə həsr edilmiş çoxsaylı beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirilib.

 

Konfransda, prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və digər qonaqlar məruzə ilə çıxış ediblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR