Azərbaycanda ipoteka kreditinin məbləği artırılacaq

Azərbaycanda ipoteka kreditinin məbləği artırılacaq
11:34 24 Aprel 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ipoteka kreditinin məbləği artırılacaq.  Lent.az-ın ANS TV-yə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bazarı bir qədər də aktivləşdirmək üçün Mərkəzi Bank tərəfindən əlavə vəsait təklif edilə bilər.
 

Nazirin sözlərindən belə məlum olub ki, hökumətin hazırladığı yeni ipoteka strategiyasının əsas yeniliyi verilən ipoteka məbləğinin artırılması olacaq. Hazırda bu məbləğin yuxarı həddi 50 min manatdır. Amma hesab olunur ki, qüvvədə olan ipoteka şərtləri hazırkı qiymətlərlə müqayisədə yeni mənzil almağa kifayət etmir. 

Bu günə qədər İpoteka Fondu 31 müvəkkil bankı vasitəsi ilə 14603-dən çox ipoteka krediti verib. Bu istiqamətdə ən çox müştəri cəlb edən bank - 1327 ipoteka krediti, ən az müştəri cəlb edən bank isə 14 ipoteka krediti verib. Bu gün Azərbaycanda orta əmək haqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqqları 200-250 manat olduğunu nəzərə alsaq, onların ev almaq istəyinin hələ uzun illər elə arzu olaraq da qalacağını demək olar. Çünki son bir ildə paytaxtda köhnə mənzillər üzrə qiymətlərdə 15 -20 %, yeni binalar və fərdi evlərdə isə 8-10 faiz arası artım müşahidə olunur. Mənzillərin bir kvadrat metrinin qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir. 2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da ipoteka üçün müraciət edən vətəndaşların heç 35 faizini də təşkil etmir. 

Millət vəkili Musa Quliyev isə deyib ki, əhalinin mənzil şəraitinin yaxşılaşması və prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır. ”Sosial evlərin sahəsi 100 kvmetr olur. Belə evlərin sahəsi az olduğu üçün, hündürmərtəbəli olmadığı üçün, evlərə ayrılan torpaq sahəsi bahalı olmadığına görə, tikintiyə də çox pul sərf olunmur”. 

Mənzil bazarındakı mövcud qiymətləri, həmçinin əhalinin gəlirlərini əsas gətirən millət vəkili Əli Məsimli təklif edib ki, vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər. Bu həm də gənclərə böyük stimul verə bilər.


İnkişaf etmiş ölkələrdə sosial ipoteka kreditlərinin illik faizi 0,7-2 faiz arasında dəyişir. Ödəmələr isə kredit götürənlərin əmək haqqına uyğun olaraq hesablanır. Bizdə isə ipoteka götürənin aylıq gəliri ən azı 600 manat olmalıdır. Gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə güzəştli ipoteka maksimum 50 min manat olmaqla 4%-lə 30 illiyə, adi ipoteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə verilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR