Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər

12:08 24 Aprel 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər. Bu barədə bir çox dövlətlərin
rəsmi arxivlərində kifayət qədər sənədlər və sübutlar vardır. Əlbəttə, bu sənədlər indi ermənilərin uydurma “soyqırımı” iddialarını müdafiə edən ölkələrin dövlət adamlarına, siyasətçilərinə məlumdur. Ancaq təəssüf ki, onlar bu tarixi həqiqətin üstündən sükutla keçir, həqiqəti siyasi maraqlara qurban verirlər. Yazıçı-tarixi araşdırmaçı “Erməni məsələsi və türk-müsəlman soyqırımı” ensiklopedik kitabın müəllifi Xaqani İsmayılın “Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər” sərlövhəli məqaləsində bu məsələlərdən danışılır.
AZƏRTAC məqaləni təqdim edir.
                                                                                             X X X
“Erməni soyqırımı” iddialarını təsdiq edən heç bir tarixi sənədi ortaya qoya bilməyən erməni millətçilərinin birinci Dünya müharibəsi zamanı Rusiya, İngiltərə, Fransa və onların müttəfiqlərinin sırasında ayrıca bölüklər halında savaşa qatıldığı zaman fürsətgirlik edərək Türkiyədə, Azərbaycanda, Gürcüstanda, Şimali Qafqazda, Güney Azərbaycanda (İran) və Orta Asiyada mülki türk-müsəlman əhaliyə qarşı soyqırımı törətdiyi və bu hadisələrin yüz minlərlə insan tələfatına və milyonlarla insanın qaçqınlıq taleyi yaşamasına gətirib çıxardığı bir çox dövlətlərin arxiv materialları və sənədli qaynaqlar əsasında dəfələrlə sübuta yetirilib. (Bax: Xaqani İSMAYIL. “Erməni məsələsi və türk-müsəlman soyqırımı” (Ensiklopedik tarixi araşdırma)., Bakı, 2012).
Tarixi araşdırmalarımızın bu xülasəsində isə biz bütün elmi-tədqiqat institutlarının nəzərindən yayınan çox mühüm bir məsələyə – ermənilərin xristianlara və yəhudilərə qarşi törətdiyi etnik təmizləmə, soyqırımı, deportasiya və zorlama fəaliyyətlərinə arxiv sənədləri və digər tarixi qaynaqlar əsasında aydınlıq gətirəcəyik.

Qarsda ruslara və yunanlara qarşı soyqırımı (1919-1920)
1919-cu ildə ingilislərin 12 min nəfərlik şotlandiyalı və yeni zelandiyalı əsgərlə hərbi təcavüzü (bax: Ziya Zakir Acar. Aras Türk Cümhuriyyəti., 2013, Ankara, s.42) nəticəsində Qarsda ermənilər burada yaşayan xalqlara qarşı sözün əsl mənasında soyqırımı, talanlar və deportasiya həyata keçirməyə başladılar. Bu cinayətlərlə bağlı aşağıdakı iki arxiv sənədindən bəzi məqamlara diqqət yetirək:
“Daşnaklar qeyri-erməni əhalinin ermənilərdən azı 3 dəfə artıq olduğu Qars vilayətində erməni respublikası yaratmaq üçün qanlı yol seçdilər...
Moskva hadisələrindən (Bolşevik çevrilişi –X.İ.) sonra ruslar və yunanlar etibarsız hesab edildilər. Talanlar və zorakılıq başlandı. Çoxlu adam öldürüldü və həbs edildi, qadınlar zorlandı...”
Sənəddə daşnakların qətliam və zorakılığının tüğyan etdiyi Qars vilayətinin ruslar yaşayan Blaqodarnoye, Novoselim, Vladiqars, Novopetrovka kəndlərinin adı çəkilir.
Sənəddə deyilir: “Blaqodarnoye kəndində xeyli adam öldürülmüş, ermənilər tərəfindən təqib olunanların çoxu qaçıb canını qurtarmışdır; Novoselim kəndində isə 15 qadın zorlanmış və kəndxuda öldürülmüşdür; Novopetrovka kəndində günün günortaçağı 4 kişi öldürülmüş, bir qadın və onun 10 yaşlı qızı zorlandıqdan sonra döşləri və cinsi orqanları kəsilmişdir…”
Yuxarıdakı sitatlar və məlumatlar Qars vilayəti Rus Milli Şurasının üzvü, nümayəndə-müvəkkilin RSFSR-in Gürcüstandaki səlahiyyətli nümayəndəsinə ünvanladığı 1920-ci il 9 iyul tarixli müraciətindən götürülmüşdür. O, həmçinin xahiş edir ki, Qars vilayəti əhalisinin qırğınına son qoymaq üçün mümkün tədbirlər görülsün və tezliklə rusların bu faciəli durumdan xilas olaraq Şimali Qafqaza köçürülməsində Rusiya hökuməti onlara kömək göstərsin (bax: Государственный Архив Азербайджанской Республики.(ГААР). Ф. 28, Оп. 1, Д. 171.Л.14-15).
Qars vilayətindəki rusların və başqa xalqların ermənilər tərəfindən soyqırımı, talan və deportasiyaya məruz qalmaları barədə daha bir sənəd S.Kirovun Rusiya xarici işlər naziri Çiçerinə 1920-ci il iyunun 29-da göndərdiyi 94 saylı teleqramdır. Teleqramda deyilir: “Qars vilayətinin otuz min rus əhalisindən yalnız on beş mini qalıb, qalanları canını qurtarmaq üçün Türkiyə və ya Rusiya qaçıb, yaxud ermənilər tərəfindən öldürülüb...” (bax: Российский государственный архив социально-политической истории. Ф.5. Оп.1. Д. 2178.Л.1).
Qafqaz almanlarına qarşı erməni terroru və ermənilərin 
alman yaşayiş məntəqələrini zəbt etməsi
Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Göygöl (əvvəllər: Helenendorf) rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri siyasi terror yaxın illərədək ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub.
Bu faktlar içərisində ən diqqətçəkəni 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində Daşnaksütyun partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə sənəddir. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək Daşnaksütyun partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir (bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Fond 276, siyahı 9, iş 66. vərəq 436-438).
Bu acı faktlarla tanış olan Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux öz təəssüratını “Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq” sözləri ilə ifadə edib (bax: “525-ci qəzet”, Bakı,16.09.2006).
1918-ci ilin dekabrında da alman hərbi missiyasını qorxuya salaraq bölgədən çıxmağa vadar etmək, ingilislərin köməyi ilə Qafqazda ağalığı ələ almaq üçün ermənilər terrora əl atdılar. Onlar Tiflisdəki yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının yerləşdiyi “Palas” otelini gizlicə yandırdılar (Bax: Kress von Kressenstein. Meine Mission im Kaukasus, 12. Oktober 1943 (Copyright © Goethe-Institut 2005)., s.37). Sonuncu alman Yeqer polku Tiflisdən çıxdığı günün sabahı erməni terrorçular Gürcüstan sərhədlərini keçərək Tiflisin 40 kilometrliyinədək irəlilədi.
Sovet dönəmində isə Göygöldə ermənilərin mənfur davranışı almanları o həddə çatdırır ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına “Ermənilər qaniçəndirlər, onlar kəndlilərin son damla qanına qədər sorurlar» şüarları yapışdırırlar (Bax: Джафарли М.Ш. Политический террор и судьбы Азербайджанских немцев», Баку, 2003. s.46, 83; – bax: Abbas Seyidov. Yelenendorf-Yeleneno-Xanlar, Bakı, 2007, s.26).
Bu hadisələrdən sonra Sovet rəhbərliyindəki A.Mikoyanın vasitəsilə ermənilər Göygöl və Şəmkirdəki (əvvəllər: Annenfeld) Sibirə sürgün olunan almanların evlərinə köçürülərək dolayısı ilə alman məntəqələrini zəbt edirlər.

 Gürcülərin soyqırımı
1905-ci və 1918-ci illərdə ermənilər tərəfindən kütləvi qırğına, soyqırımı və işğala məruz qalan gürcülər (Bax: Преступления армянских террористических и бандитских формирований против человечества (ХIX – XXI вв.), Баку, 2002., с. 42-43, 101-102, 144) 1992-1993-cü illərdə isə Abxaziya hadisələrində təkrar soyqırıma məruz qalmışlar... Bu hadisələr haqqında Gürcüstan Baş Prokurorluğundakı istintaq materialları “Marşal Baqramyan adına erməni batalyonu”nun Abxaziyada (Qulripşi, Qali, Qaqra və Suxumi bölgələrində) gürcülərə qarşı sözün əsl mənasında müdhiş hərbi faciələr silsiləsi törətdiyini, gürcü qadınları ilə alçaldıcı davranaraq onlara təcavüz edildiyini sübuta yetirir (bax: Бондо Арвеладзе, Теймураз Мибчуани. Армянский батальон имени Баграмяна и этночистка грузин в Абхазии., Тбилиси, 2009).
1993-cü il sentyabrın 27-də və sonrakı günlərdə gürcü qadınlarına, uşaqlarına qarşı məkrli şəkildə qırğın törədən erməni yaraqlılar qışqıraraq deyirdilər: “Abxaziya sizin idi, indi oldu bizim–Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir.” (Bax: “Серги Саджая. Когда засада цель жизни. “Республика Грузии”, 2006, №220).

Ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırımı (1918)
1918-ci ildə bolşevik libası geymiş ermənilərin Amazaspın başçılığı ilə Azərbaycanın Quba bölgəsində törətdiyi yəhudi soyqırımı Şimi dərəsi deyilən ərazidə daha qabarıq yadda qalıb: ermənilər dəstə-dəstə buraya gətirilən yəhudiləri ələ salır, qızları və uşaqları zorlayır, yaşlıların və yeniyetmələrin burun və qulaqlarını kəsir, sonra öldürüb Şimi dərəsində ataraq gedirdilər... 1918-ci ildə Quba şəhərində və Quba-Xaçmaz yolunda erməni silahlıları tərəfindən kütləvi şəkildə qırğına məruz qalan yəhudilərin tam olmayan siyahısı da yəhudi icmasının rəhbərlərindən Yevda Abramov tərəfindən müvafiq möhürlə təsdiqlənərək aidiyyatı instansiyalara təqdim edilib (Bax: Min qətlin sirri. “Hesabat” jurnalı, 16 (53), 2006, Bakı. s.28-34; Р.Мустафаев “Танго смерти”, Москва, 2008, с.24-25,29-32, 54).
Yuxarıda sadalanan bütün bu ədalətsizliklərə dünya dövlətləri, beynəlxalq təşkilatlar və mütərəqqi liderlər hüquqi, siyasi, mənəvi qiymət verməli, dünyanın gələcəyinə yönələn kəşməkəşli dolanbaclarda millətlər kimin kim olduğunu nəzərə alaraq yol yoldaşlarını və onları arxadan vura biləcək, ehtiyat edilməli olan şovinist etnik qrupları doğru-dürüst seçməlidirlər!
Xaqani İsmayil,
yazıçı-tarixi araşdırmaçı

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermeniler_tekce_turk_muselman_xalqlarina_deyil_xristian_ve_yehudilere_de_qarsi_soyqirimlari_toredibler-849371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR