"Kölgənin o tərəfində" multimedial operasının təqdimatı olub

"Kölgənin o tərəfində" multimedial operasının təqdimatı olub
13:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında Vladimir Tarnopolskinin "Kölgənin o tərəfində" ("Jenseits der Schatten", 2006) multimedial operası nümayiş olunub. "Report" xəbər verir ki, opera əsəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində təqdim olunub.  
Rusiyanın "Yeni Musiqi Studiyası Ansamblı"nın təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimov olub.
Opera 2006-cı ildə Betxoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar Vladimir Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun "Mağara haqqında əfsanə" və Pliniusun "Təsviri incəsənətin yaranışı" haqqındakı əfsanəsinə əsaslanır.
Platon bizim yaşadığımız dünyanı mağara kimi, bütün insanları isə bu mağaranın məhbusları kimi təsvir edir. Məhbuslar yalnız mağaranın divarında həqiqi dünyadan gələn işığın əks etdirdiyi əsrarəngiz kölgələri görürlər. Bu kölgələri məhbuslar həqiqi dünya kimi qəbul edirlər. Öz əfsanəsi ilə Platon bizə görünənlər və həqiqi dünya arasında mövcud uçurumu ifadə edir.
Pliniusun təsvir etdiyi başqa əfsanəyə görə kölgə təsviri incəsənətin proobrazı kimi çıxış edir. Bir qız müharibəyə yollanan sevgilisinin kölgəsinin ətrafını cızmaqla təsadüfən rəsm yaradır. Beləcə təsviri incəsənət yaranır.
Operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub. Birincisi üç sənət alleqoriyası (qadın triosu) ilə təmsil olunur. İkinci xətt mağaranın məhbuslarıdır (kişi triosu), onların proobrazları kimi Rodinin Kölgələr heykəlinin (Cəhənnəm qapıları) fraqmenti çıxış edir.
Qara Qarayev VI Müasir Musiqi Festivalı aprelin 24-də başa çatacaq. Festivalın bağlanışı Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/kolgenin-o-terefinde-multimedial-operasnin-teqdimati-olubi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR