Nazirlik Çernobıl əlillərinə maddi yardım ayırıb

Nazirlik Çernobıl əlillərinə maddi yardım ayırıb
13:44 24 Aprel 2015
241 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

ƏƏSMN Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərə birdəfəlik maddi yardım ayırıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik Çernobıl AES-da baş vermiş qəzanın 29-cu ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin  birdəfəlik maddi yardımla təmin edilməsi üçün vəsait ayırıb. Maddi yardımlar gələn həftə qeyd olunan vətəndaşların bank hesablarına köçürüləcək.

 

Qeyd edək ki, ölkə parlamenti tərəfindən qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycanda ilk dəfə olaraq Çernobıl əlillərinin statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Onlar əlilliyə görə sosial müavinət və ya əmək pensiyası almaqla yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. Hazırda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində prezident təqaüdü ödənilir.  Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq ayda 60 manat məbləğində prezident təqaüdü də verilir.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət ödənilir. Qeyd olunanlarla yanaşı, ötən dövrdə Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülüb, habelə 195 nəfər Çernobıl əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR