Səhnə salnaməmizin nadir simalardan biri

13:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Zərəngiz Mansurova, AZƏRTAC 
Azərbaycan səhnəsində qüdrətli səhnə oyunu, məharətli ifası, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Müxlis Canızadə, Möhsün Sənani və başqalarının adlarını böyük qürur hissi ilə çəkə bilərik. Bu sırada XX yüzilin səhnə salnaməmizin nadir simalardan biri-xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun da öz yeri var. Bu gün Həsənağa Turabovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakıda anadan olub. Bakıdakı 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.
Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Qüdrətli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı neçə-neçə qüdrətli rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində də maraqlı və yaddaqalan obrazlar yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzinə görə seçilib. "Qanlı zəmi" filminin isə rejissoru olub.
Onun son çəkildiyi ekran əsərləri "Ailə" və "Nə gözəldir bu dünya..." filmləri olub.
Həsənağa Turabovun Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş onun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.
Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. O, neçə-neçə gənc aktyorun yetişməsində öz tövsiyələrini əsirgəməyib. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Həsənağa Turabov 2003-cü il, fevralın 23-də 64 yaşında vəfat edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehne_salnamemizin_nadir_simalardan_biri-849390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR