IDEA İctimai Birliyi növbəti ağacəkmə aksiyası keçirib

15:23 24 Aprel 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi, 109 ünvanında məhv edilmiş 16 ağacın yerində 21 ədəd böyük ağac əkilib.
AZƏRTAC xəbər verir ki, uzun illər həmin ərazidə yaşayan insanların istirahət və sağlamlığına xidmət edən ağacların məhv edilməsi şəhərimizin ətraf mühitinin zədələnməsi və əhalinin sağlamlığına ciddi təhdidə çevrilə bilərdi. Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə çalışan və bu sahədə böyük uğurlar qazanan IDEA İctimai Birliyi bu məsələyə biganə qalmayıb. Bu səbəbdən, İB-in təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ərazidə yaşıllıqların bərpası təmin olunub.
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən ağacəkmə aksiyasına paytaxtın müxtəlif yerlərindən 100-dən çox gənc qoşulub. Tədbir zamanı bildirilib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı tərəfindən son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olmuş 125 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın uğurlu icrası nəticəsində paytaxtda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.
Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilib. Bu proses hazırda da IDEA-nın “Yaşıl marafon” layihəsi çərçivəsində respublika ərazisində davam etdirilir.
IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
IDEA İctimai Birliyi vətəndaşları Bakı şəhərində yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılmış qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IDEA_Ictimai_Birliyi_novbeti_agacekme_aksiyasi_kechirib-849422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR