Bu il SKMF xətti ilə sahibkarlara 53 mln. manat güzəştli kredit verilib

14:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:26 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaş rayonunun Gürcüva kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 1 742 sahibkara 53 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 142 investisiya layihəsinin maliyyələşdirilməsinə 421,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 34 200-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

 

Ş. Abdullayev bildiribki, Azərbaycan prezidentinin Sərəncamı ilə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, aidiyyəti dövlət strukturları ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: “Bu tədbirlər sırasına dövlətin güzəştli kreditləri hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin, ət kəsimi və kiçik həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi və s. daxildir”.

 

O qeyd edib ki, bu il ərzində verilən kreditlərin 95%-i aqrar sektorun inkişafı ilə bağlı olub və ilin sonunadək kənd təsərrüfatının inkişafı ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək.

 

İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara 819,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR