Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib, bir sıra müəssisələrlə tanış olub

Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini dinləyib, bir sıra müəssisələrlə tanış olub
15:53 24 Aprel 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 24 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müxtəlif tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də Tərtər şəhərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, yonca toxumu təmizləyən avadanlığın alınması, su problemi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı nazir H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
H.Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh edib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı naziri sonra Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.
Nazir H.Əsədov həmin gün Bərdədə Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem müəssisəsinin iş prinsipi ilə də tanış olub, həmçinin Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib.
Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 325 baş cins inək gətirilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_naziri_vetendaslarin_muracietlerini_dinleyib_bir_sira_muessiselerle_tanis_olub-849436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR