Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır

Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır
15:58 24 Aprel 2015
210 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Fərdi uçot — Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, respublikamız inkişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb və beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb.
Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir.
Sosial sığortanın vergidən fərqi və üstünlükləri barədə danışan iqtisadi ekspert, “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, sosial sığorta hər bir vətəndaş tərəfindən dövlətə verilən bir borcdur. Vətəndaş pensiya yaşında bunu artıqlanması ilə geri alacaq. Sosial ödəmələr şəxsin aylıq məvacibindən tutulur və Dövlət Sosial Müdafiə Fonduna yönəldilir. Qanunvericiliyə əsasən, əməkhaqqı fondundan sosial sığorta məqsədilə 22 faizlik sosial ayırma həyata keçirilir. Bundan əlavə, işçi öz əməkhaqqından üç faizlik ayırma həyata keçirir. Vətəndaşlar pensiya yaşına çatan zaman pensiya məbləğlərini təmin etmək və sığortalamaq üçün bu ayırmaları etməlidirlər. V.Bayramov deyir: “Sosial ayırmalar bu baxımdan vergilərdən fərqlidir. Vergilər dövlət büdcəsinə ödənilir və büdcədən ayırmalar üçün istifadə olunur. Sosial sığorta vergi deyil, vətəndaşlarının gələcək sosial təminatıdır.” Sosial ayırmalar isə vətəndaşın, işçinin pensiya yaşına çatanda alacağı pensiyanı müəyyənləşdirmək və təmin etmək üçün toplanır. Sosial sığortalar vətəndaşların, işçilərin əmək qabiliyyətləri zəiflədikləri dövrlərdə, onların sosial təminatı üçün vacibdir. Bu baxımdan vətəndaşlar sosial sığortanı vergi kimi deyil, özlərinin gələcək sosial təminatı kimi qəbul etməlidirlər. Onlar gələcəkdə özlərinin sosial təminatlarını ciddi şəkildə formalaşdırmaq barəsində düşünməlidirlər. Vətəndaşlar yaşadıqları yerlərdə əmək müqavilələri bağlanmasında və buna uyğun sosial ödənişlər edilməsində ciddi maraq göstərməlidirlər. Bu gün onlar tərəfindən sosial sığortaya ödənilən hər bir manat gələcəkdə onların sosial təminatını müəyyənləşdirəcək və yaxşılaşdıracaq məbləği formalaşdırmış olacaq.
Sığortaolunanın fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır. Sığortaolunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı sığortaolunanın adı, ata adı, soyadı və şəxsiyyət vəsiqəsi məlumatlarını ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.
Respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (bundan sonra sığortaolunan) işəğötürənlərlə (bundan sonra sığortaedən) əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.
Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir.
MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25 faiz, Böyük Britaniyada 2 faiz, Almaniyada 4,2 faiz, İtaliyada 8,2 faiz, Kanadada 4 faiz, ABŞ-da 1,6 faiz, Yaponiyada 1 faiz, Rusiyada 8 faiz və s. qaldırılıb.
Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlanır. DSMF rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.
DSMF fəaliyyət istiqamətləri, eləcə də interaktiv və informativ elektron xidmətləri ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində tədbirlər davam etdirir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərir.
2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. ”Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan “Doinq Business 2015” hesabatında 32 pillə irəliləyib.
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb. Pensiya islahatları çərçivəsində Fond tərəfindən kompleks hazırlıq işləri, o cümlədən, qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin işlənilməsi, texniki hazırlıq və digər tədbirlər həyata keçirilməkdədir.
Raisə Abbasova
AZƏRTAC-ın müxbiri
Yazı DSMF-nun “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqəyə təqdim edilir

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ferdi_uchot_esasli_sosial_sigorta_sisteminde_istirakiniz_etibarli_pensiya_teminatinizdir-849439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR