Lənkəran teatrı Yardımlıda qastrol səfərində olub - FOTOLAR

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlı şəhərində qastrol səfərində olub. Yaradıcı kollektiv yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşası ilə dağlıq rayonun sənətsevərləri qarşısında çıxış edib. Metbuat.az xəbər verir ki, tamaşa başlamazdan öncə teatrın baş inzibatçısı Namiq Ağayev yaradıcı kollektivin qayğıları, hazırladığı yeni tamaşalar barədə məlumat verərək, onların sənətsevərlərlə görüşünə yararatdığı imkana görə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova, rayonun digər əlaqədar təşkilatların rəhbərlərinə minnətdarlığını çatdırıb. Daha sonra “Üç qardaş” tamaşasına baxış olub. Qeyd edək ki, bu səhnə əsəri “Məlikməmməd” Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanıb. Lakin müəllif və yaradıcı heyət nağılda cərəyan edən hadisələrə yeni don geyindirməklə Padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə veriblər. Belə ki, Məlikməmməd bədheybət divi yaralayaraq ona sehrli almaları aparmağa imkan vermir, daha sonra divin arxasınca zülmət dünyasına gedərək onu öldürür, Qarı nənənin qızını əjdahanın, simurq quşunun balalarını isə ilanın əlindən qurtarır və bununla bütün şücaətlərini həm də ğz qardaşlarının adı ilə bağlayır. Bu isə Məlikməmmədi tamaşaçıların gözündə daha da ucaldır. Tamaşanın sonunda uzun, təhlükəli, çətin sınaqlardan keçən Məlikməmməd yenidən ailəsinə, qardaşlarına, sevdiyi qıza qovuşur. Oğlanlarının şücaətindən, igidliyindən qürur hissi keçirən Padşah isə onlara bir-birinə həyan olmağı, dar gündə köməyə çatmağı nəsihət edir.

Maraqla baxılan və tamaşaçılar tərəfindən coşqu ilə qarşılanan səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Təvəkkül Əliyev, quruluşçu rəssaamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa ediblər.

Qeyd edək ki, teatr hazırda respublikanın qərb rayonlarına qastrol səfərinə hazırlıq görür.









Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR