Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara güzəştli kreditlər verilib

Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara güzəştli kreditlər verilib
16:28 24 Aprel 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Gürcüva kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum təşkil edib. Forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara güzəştli kreditlər verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1742 sahibkara 53 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd olunub ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 min 142 investisiya layihəsinin maliyyələşdirilməsinə 421,1 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması sahələri üzrə investisiya layihələri maliyyələşdirilib, 34 min 200-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
Şirzad Abdullayev vurğulayıb ki, "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər sırasına dövlətin güzəştli kreditləri hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, "yaşıl market"lərin, ət kəsimi və kiçik həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi daxildir.
Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara 819,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılmış 2400 başlıq müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikada illik istehsal gücü 149,2 min ton süd və 2,1 min ton ət olan 23850 başlıq 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 91,3 milyon manat güzəştli kredit verilib. Artıq illik istehsal gücü 113,1 min ton süd və 1,7 min ton ət olan 19250 başlıq 16 heyvandarlıq kompleksi fəaliyyətə başlayıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdas_ve_etraf_rayonlardan_olan_72_sahibkara_guzestli_kreditler_verilib-849461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR