Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş "Dərs" tammetrajlı bədii filminin təqdimatı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, təqdimat 7 may 2015-ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq.
Film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkilmişlər. Uşaqlardan əlavə ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol almışlar.
Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Mənbə
ANS PRESS