“Kapital Bank” bir neçə əməkdaşı ilə bağlı cinayət işinin açılması barədə yayılan xəbərə aydınlıq gətirib

15:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:29 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” dünən bəzi kütləvi informasiya vasitələrində bankın region filiallarında çalışan bir neçə əməkdaşı ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işinin açılması barədə yayılan xəbərə aydınlıq gətirib.

 

“Kapital Bank”ın mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, bankın bir neçə əməkdaşı haqqında hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Məlumata görə, “Kapital Bank” ASC-nin müvafiq struktur bölmələri tərəfindən bankın filiallarında aparılan müntəzəm monitorinq və araşdırmalar nəticəsində İmişli filialının əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və Seymur Qasımovun, Şabran rayon filialının əməkdaşı Ceyran Orucovanın, Biləsuvar rayon filialının əməkdaşları Nəriman Cəfərov və Pərviz Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni şəkildə qazanc əldə etmələri şübhəsi əsasında hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda adı çəkilən şəxslərin törətdikləri əməllər prokurorluq orqanları tərəfindən araşdırılır və istintaqın nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaq”,- deyə mətbuat xidmətindən bildirilib.

 

Məlumatda bildirilib ki, “Kapital Bank” strategiyasına uyğun olaraq müştərilərin maraqlarının qorunmasını və şəffaflığın təmin edilməsini özünün prioritet vəzifəsi hesab edir: “Bu strategiyaya əsasən bankın müvafiq struktur bölmələri son 2 il ərzində bütün xidmət məntəqələrində (filial, şöbə və kassalarında) müntəzəm araşdırmalar aparılır, ortaya çıxan neqativ hallarla qəti şəkildə mübarizə aparır”.

 

Qeyd olunub ki, bankda müştərilərin şikayət və narazılıqlarını qəbul etmək üçün müxtəlif kommunikasiya kanallarından, o cümlədən qaynar xətt, korporativ sayt, sosial şəbəkələrdə banka məxsus səhifələrdən aktiv istifadə olunur, müştərilərin hər bir sorğusu ciddi şəkildə araşdırılır. “Müştərilərimiz bu mövzuda həssaslıq və eyni zamanda fəallıq nümayiş etdirirlər, bu da öz növbəsində “Kapital Bank”ın onlara təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətini artırmağa xidmət edir.  Biz hesab edirik ki, bu qarşılıqlı faydalı əməkdaşlıq bizim hər birimizin maraqlarına cavab verir və uzunmüddətli iş birliyinin bünövrəsini təşkil edir”,- deyə bankdan bildirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR