​Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşları qəbul edib

​Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşları qəbul edib
16:57 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Tərtər şəhərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb. 
Nazirliyin mətbuat xidmətinin "Report"a verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, yonca toxumu təmizləyən avadanlığın alınması, su problemi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
H.Əsədov Bərdə rayonunun Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem sexinin iş prinsipi ilə tanış olub, həmçinin Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib.
Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” xəttilə Almaniyadan 325 baş cins inək gətirilib.
Kənd təsərrüfatı naziri sonda Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.





Xəbərin orijinal ünvanı: http://report.az/ask/kend-teserrufati-naziri-terterde-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR