TASİM layihəsi “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti”ndə təqdim olunacaq

TASİM layihəsi “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti”ndə təqdim olunacaq
17:04 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. BTİ-nin “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti” isə Cenevrədə mayin 25-dən 29-dək təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Beynəlxalq tədbirdə isə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın İKT istiqamətində həyata keçirdiyi işlər, əldə olunan uğurlar, yeniliklər və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verəcək.
Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq.
Hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək (The World Summit on the Information Society - 2015 (WSIS)).
Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib.
Layihə artıq birinci mərhələni keçib. İkinci mərhələ isə onlayn formada səsvermə yolu ilə olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TASIM_layihesi_Informasiya_cemiyyeti_uzre_umumdunya_sammitinde_teqdim_olunacaq-849480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR