"Ən çox oynamaq istədiyim rəqib "Neftçi"dir""

"Ən çox oynamaq istədiyim rəqib "Neftçi"dir""
17:05 24 Aprel 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qara Qarayev qol.az-a müsahibəsində Azərbaycan kubokunun finalına yüksəlmələrindən, Premyer Liqanın 31-ci turunda sabah “Neftçi” ilə keçiriləcək oyundan və digər məsələlərdən danışıb.

- Kubokun finalına vəsiqə qazandınız. Həlledici oyunda rəqibiniz “Neftçi”dir. Sabah isə bu komanda ilə çempionatda qarşılaşacaqsınız.

- Müəyyən bir müddət kubok haqda düşünməyəcəyik. Finalı gözləyirik. İndi isə çempionat oyunlarına köklənmək lazımdır. Qarşıda ağır oyunlarımız var. Bütün fikirlərimiz çempionata yönəlib. “Neftçi” ilə sabahkı oyuna gəldikdə isə bu görüş həmişə çempionatımıza yaraşıq verir. Ən çox qarşılaşmaq istədiyim rəqib “Neftçi”dir. Bizim üçün çox ağır oyun keçəcək. Rəqibizin güclü azarkeş dəstəyi olacaq. Böyük komandaya qarşı oynayacağıq.

- Kubokun finalında da “Neftçi” ilə qarşılaşacaqsınız. Sabahkı görüşü finala hazırlıq hesab etmək olar?

- Belə deməzdim. Finala bir aydan çox müddət var. Bu vaxt ərzində komandalarda istənilən dəyişiklik olacaq. Bizim üçün önəmli olan sabahkı oyundur. Ustalıq səviyyəsi yaxşı olan futbolçulara qarşı oynayacağıq. Ona görə də ciddi hazırlaşırıq.

- Futbolçularınızın son oyunlarda yorğun olduğu hiss olundu. “Simurq”la kubok matçından sonra da baş məşqçiniz Qurban Qurbanov komandanın yorğunluqdan əziyyət çəkdiyini dedi. Bu, qarşıdakı vacib oyunlarda sizə problem yarada bilər?

- Düzdür, yorğunluq qıraqdan da hiss oluna bilər. Amma biz peşəkar futbolçularıq. Çalışacağıq ki, bu yorğunluğu üzərimizdən ataq. Bunun üzərində işləyirik. Bir çox nüanslar var ki, indi onlara daha çox diqqət edirik. Getdikcə istədiyimizə nail oluruq. Sabahkı oyuna ən yaxşı formada çıxacağıq. Yorğunluğun olması normaldır. Bu mövsüm üç cəbhədə mübariz apardıq. Avrokuboklarda da ağır oyunlarımız oldu.

- “Qarabağ”ın bir çox futbolçusu mövsümün əvvəlində göstərdiyi oyunu sərgiləmir. Yəni potensialından aşağı çıxış edir. Səncə, bu da sırf yorğunluqla bağlır?

- Mövsümün sonuna qədər futbolçuların eyni tempdə çıxış etməməsi başadüşüləndir. Yaxşı olardı ki, komandamız stabil oyununu qorusun. Ancaq bunu bacarmaq da çətindir. Çünki milli komandada çıxış edən futbolçularımız xeyli saydadır. Yükləmələr çox olur. Bir-iki qarşılaşmada yorğunluğun hiss olunması elə də problem deyil. Ancaq tez bir zamanda bunu aradan qaldırmağımız vacibdir.

- Çempionluğa yaxınlaşıdıqca komandada arxayınlıq yara bilər. Psixoloji durumu yaxşılaşdırmaq üçün futbolçularla söhbətlər olunur?

- “Qarabağ”da heç kim düşünmür ki, çempionatın sonudur. Bizdə belə bir fikir yoxdur. Hamı hələ çempionat indi başlayırmış kimi davranır. Qarşıda tam bir ay var. Sözsüz ki, psixoloji yorğunluq da ola bilər. Ancaq tez bir zamanda toparlanacağıq.

- Razısan ki, ötən mövsüm “Qarabağ” üçün daha çətin keçdi?

- Razıyam. Ötən mövsüm maraqlı və gərgin oyunlar çox oldu. Bu il də çempionluğa yaxınıq. Ancaq hələ bunu təmin etməmişik. Bu isə o deməkdir, mövsüm başa çatmayıb və qarşıda daha gərgin oyunlar olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR