Nizami rayonunda Zərifə xanım Əliyevanın əziz xatirəsi yad edilib

Nizami rayonunda Zərifə xanım Əliyevanın əziz xatirəsi yad edilib
16:08 24 Aprel 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, rayon təşkilatı Şurasının üzvü Aida Bayramova, YAP Nizami rayon təşkilatı Aparatının baş təlimatçısı Lamiyə Əhmədova, təlimatçı Günel Feyziyeva və başqaları akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan və elmi nailiyyətlərindən danışıb.

Bildirilib ki, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

Vurğulanıb ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Digər çıxış edənlər də bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söhbət açıblar. Gözdən əlillərin həyatında Zərifə xanımın və onun elmi nailiyyətlərinin böyük rolu diqqətə çatdırılıb. Qeyd olunub ki, Zərifə xanım tədqiqatlarını traxoma xəstəliyinin müalicəsi, xüsusən, traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr edib. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifidir. “İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika sahəsində araşdırmaları böyük maraq doğurur.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən film də nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR