Fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO-nun Mənzil Qərargahında rəsmi səfərdə olub - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO-nun Mənzil Qərargahında rəsmi səfərdə olub - FOTO
16:17 24 Aprel 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:11 ]


Bakı – APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti aprelin 22-23-də Niderland Krallığı və Belçika Krallığında rəsmi səfərdə olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri, xanım Melani Şults van Haegen ilə görüş keçirilib.

 

Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilib, 6 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

 

K. Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Hagestein şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış olub.

 

Sonra Lelystad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi olan Niderland Su İdarəedilməsi Mərkəzi ilə tanışlıq olub.

 

Niderland Krallığına rəsmi səfərdən sonra K. Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında rəsmi səfərdə olub.

 

NATO-ya səfəri çərçivəsində K. Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.

 

Görüşlərdə qarşı tərəf Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirib, təşkilatın müvafiq strukturları ilə Azərbaycan FHN arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirib.

 

K. Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın FHN üçün əhəmiyyətini qeyd edib, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırıb. 

 

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR