Azərbaycanın qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq

Azərbaycanın qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq
17:48 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq. Trend-in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə əsasən, müvafiq qanun qəbul edildikdən sonra 1-2 ay ərzində elektron ticarətə tam keçiləcək.

R.Aslanlı qeyd edib ki, birinci oxunuşdan sonra "Azərbaycanın qiymətli kağızlar bazarı haqqında" qanuna müəyyən dəyişikliklər edilib: "Məsələn, investisiya şirkətləri və emitentləri tərəfindən hesabatların təqdim edilməsi tarixi dəqiqləşdirilib. Bundan başqa, dəyişikliklər qiymətli kağızlar bazarının iştirakçıları haqqında məlumatın yayılması məsələsinə də toxunub".

QKDK sədri əlavə edib: "Biz listinqdə olan şirkətlərin hesabatlarının olduğu xüsusi portal yaratmağı planlaşdırırıq. Dəyişikliklərdən biri də kapital bazarının dövlət tərəfindən tənzimlənməsi üzrə maliyyə mexanizmlərinə aiddir. Birinci oxunuşdan sonra maliyyələşdirmənin bazarın əsas iştirakçılarının göstərdiyi xidmətlərə görə əldə edilən vəsaitin hissəsi hesabına deyil, onların əldə etdiyi gəlirin müəyyən hissəsi hesabına həyata keçirilməsi təklif edildi. Əks təqdirdə, bu, qiymətli kağızlar bazarında göstərilən xidmətlərin ucuzlaşmasına gətirib çıxara bilər".

Milli Məclisin komitə iclasında bəzi deputatlar qeyd ediblər ki, "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edir.

Onların sözlərinə əsasən, qanun Azərbaycan Mərkəzi Bankına investisiya şirkətləri funksiyası verir ki, bu da "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunla qadağandır.

Lakin R.Aslanlı bildirib ki, bu qanunun heç bir bəndi Mərkəzi Bankın funksiyalarını genişləndirmir: "Qanunun müddəası AMB-nin qiymətli kağızlarla apardığı indiki əməliyyatlar çərçivəsindən kənara çıxmır".

Yekunda deputatlar "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirə etməyi tövsiyə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR