Ukrayna bizə xəyanət etdi. Cəzası olacaqmı?

Ukrayna bizə xəyanət etdi. Cəzası olacaqmı?
18:05 24 Aprel 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Türkiyə və Azərbaycana qarşı hərəkətinə xainlikdən başqa ad vermək mümkün deyil. Ukraynanın dövlət televiziyası "erməni soyqırımı" haqqında veriliş hazırlayıb. Kanalda "Ermənistan. 100 illik yaddaş" adlı veriliş hazırlanıb.

Kanalın rəsmi internet saytında yazılır: "Əhəmiyyətli tarixdən kənarda qalmayaraq, bu cümə - aprelin 24-də Birinci kanal "erməni soyqırımının qurbanlarının" xatirəsinə xüsusi efir hazırlayıb".

Bundan əlavə, Ukraynanın Birinci telekanalı hadisələrlə bağlı "tarixi arayış" da hazırlayıb. Arayışda deyilir:

"Birinci Dünya müharibəsi dövründə yarım milyondan çox erməni öldürülüb. Yarım milyon erməni isə dünyanın müxtəlif ölkələrinə qaçıblar".

Telekanal iddia edir ki, "erməni soyqırımı" tarixdə Holokost hadisələrindən sonra ikinci "faciədir".

Xatırladaq ki, hazırkı Ukrayna hakimiyyətində ermənilər çox sayda təmsil olunurlar. Ölkənin daxili işlər naziri Arsen Avakov Bakıdan olan ermənidir.

Ukrayna parlamentində artıq bir neçə ildir ki, "erməni soyqırımı"nın tanınması ilə bağlı müzakirələr aparılır. Ancaq hələ konsensus əldə edilməyib.

Dövlət televiziyasında belə bir verilişin yayımlanması, sözsüz ki, hakim dairələrdən xəbərsiz olmayıb. İstənilən ölkədə dövlət televiziyaları dövlətin rəsmi mövqeyini əks etdirir.

Bir il öncə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək Krımın bu ölkənin ayrılmaz hissəsi olduğunu bəyan etmişdi. Türkiyə də Ukrayna məsələsi ilə bağlı eyni mövqeyi sərgilədiyi halda, Ermənistan Krımı Rusiyanın ərazisi kimi tanımışdı.

Bunu nəzərə alaraq, Azərbaycan və Türkiyə Ukraynaya münasibətdə hansı mövqe sərgiləməlidirlər?

"Həm Azərbaycan, həm də Türkiyə Ukraynaya dəstək mesajlarını dayandırmalıdır".

Millət vəkili Fazil Mustafa belə bir fikrin tərəfdarıdır. Deputat Milli.Az-a açıqlamasıda Ukraynanın daxili işlər naziri Arsen Avakovun da "soyqırımın" tanınmasına dəstək göstərdiyini xatırladıb. Onun sözlərinə görə, ukraynalı deputatlar da "soyqırımla" bağlı sənədi imzalayıblar.

"Ona görə də, həm Türkiyə, həm də Azərbaycan Ukrayna ilə bağlı dəstəkləyici mesajları dayandırmalıdır. Onlar tam bir türk düşmənliyi yürütməyə başlayıblar və qarşılığını verməliyik", - o vurğulayıb.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, tarix ukraynalılara heç bir dərs verə bilməyib.

"Bir tərəfdən Ermənistan Krımın Rusiyaya birləşdirilməsini tanıyır, digər tərəfdən isə Ukrayna Ermənistanın uydurduğu hadisəyə dəstək verir. Deyəsən, tarix onlara heç nəyi öyrətmədi. Deyəsən, onlar hələ siyasətdən nəticə çıxara bilmədilər. Dövlət televiziyasının verilişi isə şübhəsiz ki, bir sifarişdir. Tamamilə mümkündür ki, bu sifariş hazırkı Ukrayna hakimiyyətinin əsas simalarından olan erməni əsilli daxili işlər naziri Arsen Avakovundur", - Mirzəzadə əlavə edib.

"Diplomatik kanallarla bu məsələ aydınlaşdırılmalıdır", - deyən millət vəkili əlavə edib ki, onun ərazi bütövlüyünü tanımayan bir dövlətin uydurduğu məsələyə dəstək verilməsi özü çox qeyri-ciddi və qeyri-peşəkar bir siyasətdir.

"Ukraynanın bu məsələdə Türkiyənin üstünə getməsi, ittiham mövqeyində duranlara dəstək verməsi yolverilməzdir. Ukrayna bu məsələyə aydınlıq gətirməlidir və məsələ barədə öz hərəkətinə izahat verməlidir", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR