Mətbuat Şurasında "Olaylar"ın 20 illik yubileyi ilə bağlı toplantı keçirilib (FOTO)

Mətbuat Şurasında "Olaylar"ın 20 illik yubileyi ilə bağlı toplantı keçirilib (FOTO)
18:08 24 Aprel 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin 20 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, “Olaylar”ın Azərbaycanın müasir media tarixindəki rolu böyükdür: “Bu böyüklük baş redaktor Yunus Oğuzun şəxsi keyfiyyətlərinin məcmusu kimi diqqət çəkməkdədir. Yunus Oğuz hələ “Olaylar”ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, qeyri-leqal nəşrlər kimi tanıdığımız “samizdat”ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə son dərəcə mühüm töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi isə başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb”.

Ə.Amaşov MŞ-nin yubilyar kütləvi informasiya vasitələrinə ünvanladığı təbrik plaketini Y.Oğuza təqdim edib.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli “Olaylar”ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı adlandırıb. O, eyni zamanda Y.Oğuz şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açaraq onun tarixi faktları bədii yaradıcılığa gətirmə dəst-xətti üzərində dayanıb.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, cəsarətli qələm adamı kimi 30 ildir tanıdığı Y.Oğuzun daşıdığı müsbət keyfiyyətləri rəhbərlik etdiyi qurumda da cəmləşdirməsi müstəsna yaradıcılıq məqamıdır.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı xüsusi vurğulayıb ki, hər bir KİV ona rəhbərlik edn şəxsin simasıdır. V.Mahirqızı həmçinin “Olaylar”ı Azərbaycanın media məkanında ədalətli rəqabət nümunəsi olaraq dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, “Olaylar” qəzeti və informasiya agentliyi ənənəsi olan KİV-lərdir və onlar ictimai fikrin ifadəçisi missiyasını ləyaqətlə yerinə yetirməkdədirlər.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Y.Oğuzun türk dünyasının tarixi şəxsiyyətlərinin təqdimatındakı xidmətlərindən söz açıb və müəllifin rəhbərlik etdiyi KİV-lərin də türk dünyası ilə bağlı həqiqətlərin işıqlandırılmasındakı müstəsna roluna toxunub.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Olaylar”da çalışdığı illəri xatırlayıb və bildirib ki, qəzet və informasiya agentliyi üçün prioritet mövzular 20 ildir ki, dəyişməz qalıb. Bu mövzular ümumilikdə türk dünyası üçün aktual səciyyə daşımaqdadır. M.Ələsgərli həmçinin “Olaylar”ı məktəb funksiyası yerinə yetirən KİV olaraq dəyərləndirib. Fikrini belə əsaslandırıb ki, hazırda ölkə jurnalistikasında imzası ilə tanınan bir çox şəxslər əmək fəaliyyətlərinə məhz yubilyar nəşrdə başlayıblar.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Olaylar”ın cəmiyyətdə qəzetçilik ruhunun zəif olduğu vaxtlarda meydana atıldığını vurğulayıb və qeyd edib ki, nəşrin gördüyü işlər başlanılmış milli prosesin məntiqi davamı nöqteyi-nəzərdən əhəmiyyətli olub.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi 20 illik ömür yolu tarixi araşdırmalar predmetinə çevrilə biləcək KİV-lərdir.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Gündəlik teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı və başqaları “Olaylar” qəzeti və informasiya agentliyinin Azərbaycanın müasir jurnalistika tarixindəki önəmini vurğulayan fikirlər səsləndirməklə yanaşı, yubilyar KİV-lərə rəhbərlik edən Y.Oğuzu istedadlı qələm sahibi, publisist və yazıçı, sadiq dost kimi səciyyələndiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR