“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin 20 illik yubileyi keçirilib

18:13 24 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin 20 illik yubileyi ilə bağlı toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Olaylar”ın Azərbaycanın müasir media tarixindəki böyük rolundan danışıb. Bildirib ki, Yunus Oğuz hələ “Olaylar”ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi isə başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb”, - deyən Ə. Amaşov MŞ-nin təbrik paketini Y.Oğuza təqdim edib.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli “Olaylar”ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı adlandırıb. O, eyni zamanda Y.Oğuz şəxsiyyətini xarakterizə edən cəhətlərdən söz açaraq onun tarixi faktları bədii yaradıcılığa gətirmə dəst-xətti üzərində dayanıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, cəsarətli qələm adamı kimi 30 ildir tanıdığı Y.Oğuzun daşıdığı müsbət keyfiyyətləri rəhbərlik etdiyi qurumda da cəmləşdirməsi müstəsna yaradıcılıq məqamıdır.
Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı “Olaylar”ı Azərbaycanın media məkanında ədalətli rəqabət nümunəsi olaraq dəyərləndirib.
Çıxış edən digər natiqlər “Olaylar” qəzeti və informasiya agentliyinin Azərbaycanın müasir jurnalistika tarixindəki önəmini vurğulayan fikirlər səsləndirməklə yanaşı, Y.Oğuzu istedadlı qələm sahibi, publisist və yazıçı, sadiq dost kimi səciyyələndiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olaylar_qezetinin_ve_eyni_adli_informasiya_agentliyinin_20_illik_yubileyi_kechirilib-849517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR