"Ermənilər "matəm", "soyqırımı" üzərində öz həyatlarını, dövlətlərini qurublar"

"Ermənilər "matəm", "soyqırımı" üzərində öz həyatlarını, dövlətlərini qurublar"
18:27 24 Aprel 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Fəzail İbrahimlinin sözlərinə görə, əslində 1915-ci ildə ermənilər türklərə qarşı soyqırımı törədiblər
Ermənistan əhalisi və dünyadakı erməni lobbisi 24 aprel tarixini “erməni soyqırımı” günü kimi qeyd edir. Paralel olaraq, digər dövlətlərin də bu “soyqırımı”nı tanıması, hər il xatırlaması üçün təbliğat aparırlar. Heç bir tarixi sübut, ciddi dəlil olmadan dünyanın bu yalana inanmasını istəyirlər. 1915-ci ildə Osmanlı imperiyasında cərəyan edən hadisələr, erməni yalanlarının mahiyyəti, Osmanlı dövlətinin köçürülmə qərarı, müasir dövrümüzdə xarici ölkələrin “soyqırımı”nı gündəmə gətirməsinin səbəbləri ilə bağlı “Kaspi”nin suallarını tarixçi-alim, millət vəkili Fəzail İbrahimli cavablandırır.

- Fəzail müəllim, 1915-ci ilin aprelində Osmanlı imperiyasında ermənilərlə əlaqəsi olan hadisələr bu gün hər hansı dəlil-sübut gətirilmədən “erməni soyqırımı” kimi təbliğ olunur. Əsl həqiqətdə həmin vaxt nə baş vermişdi?

- Ermənilər öz tarixinə ləkə yaxıb, erməni millətinin dünyada yazıq obrazını yaradıblar. Bir əsrdən artıqdır ki, bu “təbliğat”dan bəhrələnirlər. Ermənilər “matəm”, “soyqırımı” üzərində öz həyatlarını, dövlətlərini qurublar. Bununla bütün dünyanın diqqətini özlərinə cəlb edirlər. Xristian dünyasında bununla erməni təəssübkeşliyi yaradırlar. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, bir erməniçilik ideologiyası var. Ermənilərin qarşısında dayanan ali məqsəd dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyasıdır. Bu, “Daşnaksütyun” partiyasının proqramına da daxil edilib. Sözügedən ideologiyanı həyata keçirmək üçün ən yaxşı vasitə kimi “erməni soyqırımı”nı seçiblər. “Erməni soyqırımı”nın yüz il ərzində gündəmə gəlməsini şərti olaraq bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ Birinci Dünya müharibəsindən əvvəl və sonrakı, ikinci mərhələ Böyük Vətən Müharibəsindən sonrakı illərdir. Üçüncü mərhələ isə SSRİ-nin dağılmasından sonrakı dövrə təsadüf edir. Birinci mərhələdə, daha dəqiq desək, 1914-cü ildə II Nikolay Qafqaza gələrək, insanlar qarşısında geniş nitq söyləyib. Nitqinin sonunda qeyd edib ki, qoy rus bayrağı Dardanel və Bosfor boğazlarında dalğalansın, Türkiyə ərazisində “Böyük Ermənistan” dövləti yaransın. Osmanlı imperatorluğu dövründə aparılan siyahıyaalmaya görə, Osmanlı dövlətinin ərazisində cəmi 1 milyon 300 min erməni yaşayırdı o dövrdə. Nikolayın çıxışı əslində Osmanlı ərazisində yaşayan yüz minlərlə erməniyə çağırış, ümumilikdə 1 milyon 300 min erməninin səfərbər olunması demək idi. Burada yeganə məqsəd Osmanlı Türkiyəsini içəridən dağıtmaq, əzmək idi. Hər zaman türklərə qarşı düşmənçilik əhval-ruhiyyəsində olan ermənilər öz dövlətlərini yaratmaq naminə asanlıqla buna getdilər. Belə vəziyyət dövlətin içində separatçılıq əhval-ruhiyyəsinin yaranması, dövlətin ərazi bütövlüyünün pozulması cəhdi idi. 1914-cü ildə rusların Osmanlı üzərinə hücuma keçməsi, oradakı döyüşlər və sair deyilənlərin tarixi sübutudur. Sarıqamış döyüşündə rusların türkləri məğlub etməsi ermənilərin Osmanlı ərazisində əl-qolunu bir az da açdı. Həmin vaxt ermənilər kütləvi şəkildə türklərə qarşı qətliamlar həyata keçiriblər. Sonradan rus ordusunun geri çəkildiyi şəhər və kəndlərdə də ermənilər türklərə qarşı insanlığa sığmayan vəhşiliklər törədiblər. 1915-ci ildə Van əyalətində ermənilər böyük soyqırımı törədiblər. Belə vəziyyətdə Osmanlı dövləti daxildən didilib-dağılmamaq üçün separatçı və xəyanətkar ermənilərin 1915-ci ilin aprelində ölkənin başqa yerlərinə köçürülməsi haqqında qərar qəbul edib. Düzdür, bu köçürülmə prosesində yolda ölənlər olub. Amma ermənilərin iddia etdiyi kimi, heç də bu zaman 1 milyon 500 min erməni ölməyib, yaxud öldürülməyib. Əgər o dövrdə Osmanlı dövlətində cəmi 1 milyon 300 min erməni yaşayıbsa, köçürülmə prosesində bundan da 200 min çox erməninin öldürüldüyünü iddia etmək absurddur, heç bir tarixi reallığa söykənmir. Bu gün dünyaya sırınan “erməni soyqırımı”nın əsl mahiyyəti bundan ibarətdir.

- Köçürülmə prosesi o zaman necə təşkil olunmuşdu? Bu barədə tutarlı sübut rolunu oynayan hansısa tarixi mənbə varmı?

- Əlbəttə ki, tarixi mənbə var və bu mənbə Osmanlı arxivləridir. Əgər Osmanlı imperiyasının varisi, müasir Türkiyə Cümhuriyyəti bu arxivləri bütün dünya tarixçilərinin, o cümlədən erməni tarixçilərinin üzünə açırsa, demək, türklərin keçmişdə bu məsələdə ermənilərə qarşı hər hansı məqsədli soyqırımı olmayıb. Digər tərəfdən, Osmanlı dövləti separatçılıq, xəyanətkarlıq müqabilində erməniləri yalnız ölkənin digər ərazisinə köçürmək qərarı qəbul etməklə onlara qarşı o zaman böyük humanistlik edib. 1919-cu il mart ayının 30-da nəşr olunan “Times” qəzeti də yazır ki, 1915-ci ildə ermənilərin köçürülməsi barədə Osmanlı dövlətinin çıxardığı qərarda müharibə başa çatandan sonra köçürülən erməni ailələrinin öz yaşadıqları əraziyə təkrar qaytarılması, hətta onların öz əşyalarına və evlərinə sahiblənməsi barədə də maddə var. Bundan başqa, köçürülmə zamanı Osmanlı dövləti erməni ailələrinin səhhətinin qayğısına qalmaq üçün onlara həkimlər də ayırıb ki, yolda xəstələnənlər, ölənlər olmasın. Belə bir reallıq şəraitində necə iddia etmək olar ki, türklər ermənilərə qarşı soyqırımı törədiblər? Lakin buna baxmayaraq, ermənilər öz yalanlarını dünyaya sırımaqda, bəzi dövlətlər isə heç bir ciddi tarixi mənbəyə, fakta əsaslanmadan “erməni soyqırımı”nı tanıtmaqdadırlar.

- Birinci Dünya müharibəsi və ondan sonrakı dövrdə ermənilər, “erməni soyqırımı” məsələsi ruslar üçün Osmanlı imperiyasını daxildən parçalamağa xidmət edirdi. İndiki dövrdə bu məsələni gündəmə gətirməklə hansı məqsəd güdülür?

- “Soyqırımı” Ermənistan üçün hüzn, matəm, yaşam səhnəsində qalmaq üçündürsə, bunu gündəmə gətirən dövlətlər üçün “erməni soyqırımı” siyasi məqsəd daşıyır. 1920-ci ildə İtaliyanın baş naziri vəzifəsində işləmiş Françesko Nittinin məşhur bir fikri var. O, qeyd edir ki, Avropada nə zaman türklərə nə isə vermək istəmirlərsə, yaxud türklərdən nə isə almaq istəyirlərsə, dərhal “erməni soyqırımı” yada düşür. Neçə illərdir ki, Avropa dövlətləri “soyqırımı”ndan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bundan həm Avropa dövlətləri, həm də ermənilər yararlanırlar. Bu “soyqırımı”nın yalan olduğunu, yalnız siyasi məqsəd daşıdığını sübut edən daha bir tarixi fakt ABŞ prezidenti Vudro Vilsonun Parisdə sülh konfransı çağırması və orada qəbul edilən siyasi qərarları reallaşdırmaq üçün briqada generalı Harbord başda olmaqla 12 zabitini Cənubi Qafqaza, o cümlədən Türkiyəyə göndərməsidir. Tarixdə bu məqam “Harbord missiyası” kimi qeyd edilir. O zaman general Harbord “erməni soyqırımı”nı da araşdırmalı idi. Ancaq o, Osmanlı dövləti ərazisində olarkən deyilənlərdən tamam əks mənzərəni müşahidə edib. ABŞ-a göndərdiyi məlumatda bildirib ki, Osmanlı ərazisində yol boyu türklər onlara böyük xeyirxahlıq göstərib və bu yerlərdə az miqdarda erməni əhalisi yaşadığını yazıb. Eyni zamanda, qeyd edib ki, sərhəd boyunca tez-tez ermənilər tərəfindən yurd-yuvalarından didərgin salınmış müsəlman köç karvanları ilə rastlaşıb. Türkiyənin erməni talanlarına və soyqırımlarına məruz qalmış şərq vilayətlərində gördüyü dəhşətli vəziyyət haqqında Harbord 1919-cu il sentyabrın 28-də Qarsdan müttəfiqlərin İstanbulda olan nümayəndələrinə də məlumat verib. “Harbord missiyası” o zaman “erməni soyqırımı” barədə tutarlı faktlar əldə edə bilmədiyi üçün onların verdiyi məlumatlar, hazırladıqları raportlar arxivə atılıb, ictimailəşdirilməyib. Bu fakt da bir daha sübut edir ki, “erməni soyqırımı” kimi təqdim edilən 1915-ci il hadisələrində əslində ermənilər separatçılıq və xəyanətkarlıqla türklərə qarşı soyqırımı törədiblər.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/336450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR