Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Dövlət İdarəçilik Akademiyasının səhnəsində çıxış edib

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Dövlət İdarəçilik Akademiyasının səhnəsində çıxış edib
18:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” Tədris Teatrının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tədbir keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev iki ali təhsil ocağı arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib.
ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov Nəcəf bəy Vəzirovun yaradıcılığı, görkəmli ədibin Azərbaycan teatr sənətindəki yeri barədə söz açıb, onun dramaturji yaradıcılığının estetik parametrlərindən danışıb.
Tədbir çərçivəsində DİA-nın akt zalında Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə 4-cü kurs tələbələrinin ifasında görkəmli dramaturqun “Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, əməkdar artist Gülşad Baxşıyeva, rejissor assistenti Ayşən Mirzəyeva, musiqi tərtibatçısı Seymur İkramdır.
Tələbələrin ifasında nümayiş olunan tamaşa akademiyanın müəllim-tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Sonda çıxış edən Gülşad Baxşıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Qeyd edib ki, Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük bir mərhələsi onun adı ilə bağlıdır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Incesenet_Universitetinin_telebeleri_Dovlet_Idarechilik_Akademiyasinin_sehnesinde_chixis_edib-849544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR