Naxçıvanda müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Naxçıvanda müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
19:03 24 Aprel 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransda universitetin müəllim və tələbələri ilə yanaşı, ölkəmizin digər ali təhsil ocaqlarından, həmçinin Türkiyənin Qars Qafqaz, Qaradəniz Texniki universitetlərindən dəvət olunan alimlər, Zonquldaq, Qars, Ərdahan, Artvin Arıçılar Birliyinin əməkdaşları, arıçı sahibkarlar iştirak ediblər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin foyesində universitet əməkdaşlarının arıçılıq sahəsinə aid kitablarının sərgisinə baxıblar.
Beynəlxalq elmi-praktik konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, halallıq və zəhmət sevən əsas aqrar sahələrdən biri olduğunu bildirib.
Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.
Sonra rektor Saleh Məhərrəmovun “Miqrasiyanın arıların parazitofaunasına təsiri” mövzusunda məruzəsi dinlənilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafından danışıb. Nazir bildirib ki, aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının inkişafı istiqamətində görülən işlər kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyub. Naxçıvan Muxtar Respublikasında arı ailələrinin artırılması, eləcə də məhsuldarlığının yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bu sahənin inkişaf etdirilməsi üçün 2014-cü ildə banklar tərəfindən arıçılıqla məşğul olan sahibkarlara 534 min manat həcmində kreditlər verilib. Bütövlükdə, 2000-2014-cü illər ərzində dövlətin maliyyə dəstəyi ilə 103 arıçılıq layihəsi həyata keçirilib, Sahibkarlığa Kömək Fondunun güzəştli kreditləri hesabına 6000-dən çox arı ailəsi alınıb.
Kənd təsərrüfatı naziri qeyd edib ki, 2015-ci il 1 yanvar tarixinə arı ailələrinin sayı 69432-ə çatdırılaraq, bir il öncəki göstəricini 1,1 faiz üstələyib.
Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı “Arı məhsullarından gələn sağlıq” mövzusundakı məruzəsində Türkiyədə arıçılığın inkişafı, geniş yayılmış arı cinsləri, iqtisadi göstəricilər barədə slaydlar şəklində ətraflı məlumat verib.
Azərbaycan Arıçılar Birliyinin sədr müavini Elxan Ələkbərov “Azərbaycanda arıçılığın mövcud vəziyyəti” mövzusundakı məruzəsində arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması və onlara qarşı mübarizə tədbirlərindən bəhs edərək, bu sahədə olan bəzi problemlərə də toxunub.
Bu cür tədbirlərin əhəmiyyətindən danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov deyb: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın yeganə bölgəsidir ki, burada bütün sahələrdə olduğu kimi, arıçılığın da inkişafı ön plana çəkilir”.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra konfrans işini “Müasir metodlarla arıçılıq məhsullarının istehsalı”, “Arıçılığın yetişdirilmə istiqamətində inkişafı və yem bazası”, “Arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfrans iştirakçıları universitetin kampusunu gəzib, tədris korpusları ilə də tanış olublar. İştirakçılara universitetinin inkişaf yolu, strukturu, maddi-texniki bazası haqqında məlumat verilib. Həmçinin qonaqlar Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələri ilə tanış olublar.
Aprel ayının 25-də isə konfrans iştirakçıları Naxçıvandakı nümunəvi arıçılıq təsərrüfatları ilə, həmçinin Şahbuz şəhərindəki “Şah-bal” MMC müəssisəsində arıçılıq məhsullarının emalı prosesi ilə tanış olacaqlar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_muasir_arichiligin_problemleri_ve_inkisaf_xususiyyetleri_movzusunda_beynelxalq_elmi_praktik_konfrans_kechirilib-849549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR