Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Kioto şəhərinin tarixi yerləri ilə tanış olub

18:18 24 Aprel 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Kioto, 24 aprel, AZƏRTAC
Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 24-də Kioto şəhərinin tarixi yerləri ilə tanış olub, ənənəvi çay mərasimində iştirak edib.
Urasenke ənənəvi çay evinə gələn nümayəndə heyətinə bu evin tarixi, yapon ənənəvi çay məclisi barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu çay evi 500 illik tarixə malikdir və artıq 11 nəsil bu ənənəni fasiləsiz olaraq davam etdirir. Çay evinin əsas prinsipləri sülh, hörmət, təmizlik və sabitlikdir.
Qonaqlara ənənəvi yapon çayının hazırlanması əyani şəkildə nümayiş olunub, yaşıl çayın emalı qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, Yaponiyada qonaqlara çay xüsusi gildən hazırlanmış kasalarda təklif olunur. Nümayəndə heyətinin üzvlərinə yaşıl çayla birlikdə düyüdən hazırlanmış şirniyyat da təqdim edilib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Azərbaycanda da çay plantasiyalarının olduğunu və çayın hər bir ailədə və ictimai yerlərdə sevimli içki növü olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın yaşayış məntəqələrində olan çayxanalar həm də insanların görüş və istirahət yeridir.
Həmin gün Milli Məclisin nümayəndə heyəti UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilmiş Kinkakuci (Qızıl pavilyon) və Kodaici məbədlərini ziyarət edib. Qonaqlara məlumat verilib ki, məbədin tarixi XIV əsrə gedib çıxır. Syoqun Asikaqa Yoşimutsu tərəfindən inşa olunmuş məbədin ikinci və üçüncü mərtəbələri qızıl suyu ilə işlənib. Ömrünün son illərini bu tikilinin divarları arasında keçirən A.Yoşimutsu vəfat etdikdən sonra oğlu onu zen-buddist məbədinə çevirib. Məbədin ətrafında salınmış bağ isə buraya gələnləri gözəlliyi ilə heyran edir.
Kodaici məbədi isə Yaponiyanın məşhur siyasətçilərindən biri olmuş Toyotomi Hideyşinin həyat yoldaşı tərəfindən onun xatirəsinə inşa edilib. Məbəddə mədəni və tarixi dəyərə malik olan obyektlər çoxdur. Tarixi zallarla birlikdə məbəddə bambuk talası və çay mərasimlərinin keçirildiyi evlər də var. Məbəd tanınmış yapon memarı Kobori Ensyu tərəfindən layihələndirilib. Sədr Oqtay Əsədov ətraflı məlumata görə təşəkkürünü bildirib.
Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kioto

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Meclisinin_numayende_heyeti_Kioto_seherinin_tarixi_yerleri_ile_tanis_olub-849559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR