Vilayət Bağırovun “Şeirlər” adlı yeni miniatür kitabının təqdimatı olub

20:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Miniatür Kitab Muzeyində Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Vilayət Bağırovun “Şeirlər” adlı yeni miniatür kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, kitabsevərlərin iştirak etdiyi tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova müxtəlif vaxtlarda Naxçıvanda keçirdiyi görüşlərdən, V.Bağırovla ilk tanışlığından və yeni çap olunmuş kitabın məziyyətlərindən söz açıb.
Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi deyib ki, bu gün miniatür kitablar dünyanın müxtəlif ölkələrində çap olunub yayılsa da, ilk dəfə Miniatür Kitab Muzeyi Azərbaycanda yaradılıb. Muzey ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci il aprel ayının 23-də Bakıda açılıb. Hazırda muzeydə dünyanın 66 ölkəsində çap olunmuş 6 minədək miniatür kitab toplanıb. Sevindirici haldır ki, həmin kitablar içərisində ölkə nəşriyyatlarının çap etdikləri miniatür kitablar da özünə yer alıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Miniatür Kitab Muzeyinin filialının açılmasını bir daha diqqətə çatdıran Zərifə Salahova deyib ki, hazırda bu, kitabxanada 1000-dən çox miniatür kitab sərgilənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan bu filial öz tərtibatı ilə də fərqlənir. Burada elektron kartotekanın aparılması məqsədilə zəruri şərait yaradılıb. Bundan əlavə, filialda miniatür kitabların asanlıqla oxunması üçün şriftləri verilən rejimdə böyüdən xüsusi aparat da qoyulub.
Z.Salahova deyib: “Hər dəfə Naxçıvanda olarkən kitabxanalara , muzeylərə, mədəniyyət ocaqlarına baş çəkirəm. Belə görüşlərin biri də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində reallaşdı. Muzeyin direktoru Vilayət Bağırovun Vətən sevgisi, el-oba təəssübkeşliyi, muzeydə qorunan eksponatlara diqqəti, ən əsası isə şeirə, sözə həssas münasibəti, tar, saz ifaçılığı diqqətimi cəlb etdi. Onun bu istedadı, bacarığı, ən əsası isə işinə, sənətinə sonsuz sevgisi istər-istəməz məni duyğulandırdı. Söhbət əsnasında öyrəndim ki, bu günədək onun şeirləri çap olunmayıb. Məhz buna görə də şeirlərini diskə yazdırıb, mənə təqdim etməsini xahiş etdim, onları miniatür kitab halında çap edəcəyimi bildirdim. Vilayət Bağırov buna təəccüblə yanaşsa da, mən sözümün üstündə durdum. Kitabı çap olduqdan sonra bir neçə nüsxəsini də Naxçıvana göndərdim. Onun sevincinin həddi-hüdudu yox idi...”
Zərifə Salahova deyib ki, bu yaxınlarda ona Miniatür Kitab Muzeyinin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabdan “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə cavab verən 2913-nün “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı “Guinness World Records” sertifikatı təqdim olunub. Bu sertifikatın bir sürətini də Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçivan filialına təqdim edəcəm. Hazırda görkəmli ədibimiz Məmməd Səid Ordubadının özü tərəfindən yazılmış tərcümeyi-halının miniatür kitab kimi çapını həyata keçirirəm. Bu kitab çap olunduqdan sonra Naxçıvanda təqdimatı keçiriləcək.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Muxtar Respublikada bütün sahələr kimi, kitabxanalar da qayğı ilə əhatə olunub. Kitabxanalar yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır, yeni elektron kitabxanalar yaradılır.
Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçivan filialının yaradılmasını mühüm hadisə kimi dəyərləndirən B.Əsgərov bildirib ki, Zərifə Salahova Azərbaycanda kitab işinin təşkili, təbliği istiqamətində mühüm işlər görür, ölkəmizin tanınması üçün əlindən gələni əsirgəmir.
Vilayət Bağırovun “Şeirlər” adlı yeni miniatür kitabının çap olunmasını yüksək qiymətləndirən natiq deyib ki, o, universal bir insandır, dövlətə, dövlətçiliyə bağlı adamdır.
Bəxtiyar Əsgərov belə bir kitabın işıq üzü görməsinə görə Zərifə Salahovaya minnətdarlığını bildirib.
Azərbaycan Miniatür Kitab Muzeyinin fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, bu muzey Zərifə Salahovanın Azərbaycan mədəniyyətinə sonsuz sevgisini göstəricisidir. Muzeyin “Ginnesin Rekordlar Kitabı”na salınması isə bütövlükdə xalqımız, dövlətimiz üçün böyük uğurdur.
Naxçıvanın müasir inkişafından danışan akademik, bu, diyarın zəhmətkeş, səmimi, işini, peşəsini böyük məhəbbətlə sevən insanlarından olan Vilayət Bağırovun şeirlərinin çap olunmasını bütövlükdə bu yurdun istedadlı, bacarıqlı adamlarına verilən ən yüksək qiymət kimi dəyərləndirib. Bildirib ki, çoxları Vilayət Bağırovu muzey direktoru, tar, saz ifaçısı, gözəl səsə malik bir insan kimi tanısa da, Zərifə Salahova onu yenidən kəşf edərək, şair kimi insanlara təqdim etdi. Kitabda onun Azərbaycana sevgi dolu, müxtəlif insanlara ithaf etdiyi çoxsaylı şeirləri yer alıb. İnanıram ki, bu şeirlər Vilayət Bağırovu oxuculara daha yaxından tanıdacaq.
Tədbirdə çıxış edən akademik Teymur Kərimov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, əməkdar jurnalist Elmira Əliyeva və yazıçı Natiq Rəsulzadə heç bir yerdə şeirləri çap olunmayan bir müəllifin ilk kitabının miniatür nəşr kimi işıq üzü görməsini böyük xoşbəxtlik adlandırıblar.
Bildirilib ki, “İndiqo” mətbəəsində nəfis tərtibatla çapdan çıxmış kitabın ölçüsü 65x45 mm olub, 248 səhifədən ibarətdir.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Zərifə Salahova deyib ki, yaxın vaxtlarda Gəncə şəhərində Azərbaycan Miniatür Kitab Muzeyinin yeni filialı açılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vilayet_Bagirovun_Seirler_adli_yeni_miniatur_kitabinin_teqdimati_olub-849605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR