​Ağdaşda dövlətin güzəştli kreditləri hesabına 2400 başlıq müasir heyvandarlıq kompleksi yaradılıb

​Ağdaşda dövlətin güzəştli kreditləri hesabına 2400 başlıq müasir heyvandarlıq kompleksi yaradılıb
21:02 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 24-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Gürcüva kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağdaşda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim edilməsi, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cari ilin ötən dövrü ərzində 1742 sahibkara 53 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10142 investisiya layihəsinin maliyyələşdirilməsinə 421,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 34200-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
Ş.Abdullayev bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, aidiyyəti dövlət strukturları ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər sırasına dövlətin güzəştli kreditləri hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin, ət kəsimi və kiçik həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi daxildir. Qeyd edilib ki, 2015-ci ilin ötən dövrü ərzində verilən kreditlərin 95%-i aqrar sektorun inkişafı ilə bağlı olub və ilin sonunadək kənd təsərrüfatının inkişafı ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək.
İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara 819,9 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək istehsalı kimi sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılıb 2400 başlıq müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikada illik istehsal gücü 149.2 min ton süd və 2.1 min ton ət olan 23850 başlıq 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 91.3 mln. manat güzəştli kredit verilib. Artıq illik istehsal gücü 113.1 min ton süd və 1.7 min ton ət olan 19250 başlıq 16 heyvandarlıq kompleksi istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/agdasda-dovletin-guzestli-kreditleri-hesabina-2400-basliq-muasir-heyvandarliq-kompleksi-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR