Məktəbdə xalq yazıçısı ilə görüş

Məktəbdə xalq yazıçısı ilə görüş
21:23 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Bakıdakı Pərviz İsmayılov adına 278 nömrəli orta məktəbdə xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Məlahət Əliyeva yazıçı haqqında geniş məlumat verib.
Bildirilib ki, onun əsrləri təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır və dəyərləndirilir. Görkəmli yazıçının bu günə kimi 170-dən çox kitabı nəşr olunub, əsərləri 28 dilə tərcümə edilib. Müstəqil Dövlətlər Birliyi ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında, Fransa, Bolqarıstan, İsveç, İsrail və digər ölkələrdə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr olunub, ədibin 600-dən çox kitabı dünyada yayılıb.
Tədbirdə çıxış edən Çingiz Abdullayev dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışıb. Öz yaradıcılığı, yazdığı əsərlər və onları yazarkən rastlaşdığı maraqlı hadisələr haqqında ətraflı məlumat verib. O, Azərbaycan həqiqətlərinin olduğu kimi dünya oxucularına çatdırılması üçün ölkə yazıçılarının əsərlərinin xarici dillərə tərcümə olunmasının vacibliyini bildirib. Azərbaycanın xalq yazıçısı olmasına görə fəxr etdiyini deyən nasir, gənclərə vətənpərvərlik ruhunun aşılanması, onların intellektual səviyyələrinin daim yüksəlməsi, dünya görüşlərinin formalaşması üçün mütaliəyə üstünlük vermələrini tövsiyə edib.
Digər çıxış edənlər də xalq yazıçısı Çingiz Abdullayevin dünya şöhrətli əsərlərindən danışıblar. Daha sonra şagirdlərin ifasında yazıçının əsərləri əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunub.
Sonda Çingiz Abdullayev məktəblilərin suallarını cavablandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mektebde_xalq_yazichisi_ile_gorus-849616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR