"Kölgənin o tərəfində" (FOTO)

"Kölgənin o tərəfində" (FOTO)
22:16 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalında Vladimir Tarnopolskinin "Kölgənin o tərəfində" ("Jenseits der Schatten", 2006) multimedial operası nümayiş olunub.

ANS PRESS-in nazirliyin saytına istinadən bildirir ki, Musiqi Studiyası Ansamblının (Rusiya) təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimov idi. Opera 2006-cı ildə Bethoven Festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb.

Əsərin ssenarisi bəstəkar V.Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun "Mağara haqqında əfsanə" və Pliniusun "Təsviri incəsənətin yaranışı" haqqında əfsanəsinə əsaslanır. Platon bizim yaşadığımız dünyanı mağara kimi, bütün insanları isə bu mağaranın məhbusları kimi təsvir edir. Məhbuslar yalnız mağaranın divarında həqiqi dünyadan gələn işığın əks etdirdiyi əsrarəngiz kölgələri görürlər. Bu kölgələri məhbuslar həqiqi dünya kimi qəbul edirlər. Öz əfsanəsi ilə Platon bizə görünənlər və həqiqi dünya arasında mövcud uçurumu ifadə edir.

Pliniusun təsvir etdiyi başqa əfsanəyə görə kölgə təsviri incəsənətin proobrazı kimi çıxış edir. Bir qız müharibəyə yollanan sevgilisinin kölgəsinin ətrafını cızmaqla təsadüfən rəsm yaradır. Beləcə, təsviri incəsənət yaranır.

Operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub. Birincisi üç sənət alleqoriyası (qadın triosu) ilə təmsil olunur. İkinci xətt mağaranın məhbuslarıdır (kişi triosu), onların proobrazları kimi Rodinin Kölgələr heykəlinin (Cəhənnəm qapıları) fraqmenti çıxış edir.

Qara Qarayev VI Müasir Musiqi Festivalının bağlanışı bu gün saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=34&nid=340201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR