Maastrixtdə Niderland-Azərbaycan biznes forumu keçirilib - FOTO

Maastrixtdə Niderland-Azərbaycan biznes forumu keçirilib - FOTO
23:02 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 22:55 ]

Bakı. APA-Economics. Hollandiyanın Maastrixt şəhərinin Menecment Məktəbində (MMM) Avropa Azərbaycan Cəmiyyəti (TEAS), AZPROMO və Hollandiyanın Ticarətin Təşviqi Şurasının (HTTŞ) birgə əməkdaşlığı şəraitində Hollandiya-Azərbaycan biznes forumu keçirilib.

APA-Economicsin məlumatına görə, biznes forumda iştirak edən 250 iştirakçı arasında, Azərbaycanın müxtəlif iqtisadi sektorlarını təmsil edən 50 nümayəndə yer alıb.

 

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan hazırda iqtisadiyyatını şaxələndirmək üzərində çalışır və ÜDM-nin 32 faizi qeyri-neft sektorunun payına düşür. Nazirin sözlərinə görə, hazırda Hollandiyanın “Royal Dutch Shell” şirkəti “Cənub Enerji Dəhlizi” layihəsinin iştirakçısıdır ki, dəyəri 45 milyard ABŞ dolları olan bu layihə dünyada inşa edilən ən böyük boru kəməridir. Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanda Niderlandın 125 şirkəti fəaliyyət göstərir və bu ölkə etibarlı partnyor olduğunu sübut etmişdir. Gələcək əməkdaşlıq üçün geniş potensial mövcuddur.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, milli sərvət həm təbiətin neməti ola bilər, həm də lənəti. Hazırda Azərbaycan özünün ikinci neft yüksəlişi dövrünü yaşayır. SOFAZ-ın neft gəlirləri ehtiyyatı 40 milyard ABŞ dollarına çatmışdır və fond bütün sərmayə kateqoriyalarında qlobal investordur.

 

Hollandiyanın iqtisadi işlər naziri Henk Kamp deyib: “Coğrafi cəhətdən uzaq olsaq da, bizim ölkələrimiz arasında oxşar cəhətlər çoxdur. Hər iki ölkə inkişaf etmiş kənd təsərrüfatı sektoruna malikdir və enerji sənayesi ölkələrimizin iqtisadiyyatına güclü təsir etmişdir. Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə və bölgələrin inkişafına təkan verməyə çalışır. Hollandiya maliyyə böhranından sonra böyük inkişaf potensialı olan sənaye sektoruna sərmayə qoymaq yolu ilə dirçəlməyə çalışır. Bu qarşılıqlı maraqlar bizim bağlılığımız üçün əsasdır.”

 

Limburq əyalətinin  iqtisadi münasibətlərə cavabdeh olan vitse-qubernatoru Tvan Beurskens vurğulayıb ki, keçmişdə enerji və enerji siyasəti Limburq üçün çox mühüm əhəmiyyət kəsb edən iqtisadi amillərdən biri olub.  Bu bizim Azərbaycanla ortaq aspektlərimizdən biridir: “Mən Bakıya Hollandiya ticari missiyasının tərkibində səfər edərkən, Bakıdakı inkişafa heyran qaldım. Biz Venlo şəhərində Azərbaycan Biznes Mərkəzinin yaradılması imkanlarını müzakirə etdik ,”- deyə T.Beurskens məlumat verib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfat Məmmədov qeyri-neft sektoru sahəsində holland sərmayəsi üçün imkanlardan danışarkən bildirib ki, ticari və iqtisadi münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraqlar var. Bu il Azərbaycan iqtisadiyyatında təxminən 5 faizlik artım qeydə alınıb və ötən il ölkəmiz Dünya “Doing Business” hesabatında 38-ci yerdə qərarlaşıb. Bunun səbəbi  ötən on il ərzində iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilmiş tədbirlər nəticəsində nail olunub.

 

Nahar fasiləsi zamanı qonaqların 10 ölkədən olan fotoqrafın çəkdiyi 65 fotoşəkildən ibarət “Azərbaycan – idman foto obyektivdə” adlı sərgisi ilə tanış olmaq imkanları olub. Fotosərgi 12-28 iyun tarixlərində Azərbaycanın ev sahibliyi edəcəyi ilk Bakı - 2015 Avropa Oyunlarını tərənnüm edir. Sonra tədbir Holland və Azərbaycan şirkətləri arasında təkbətək biznes görüşlərinin keçirilməsi ilə davam edib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR