Böyük xalqın, böyük zəfəri (VİDEO)

Böyük xalqın, böyük zəfəri (VİDEO)
22:16 24 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Birinci dünya müharibəsinin ən qanlı hərbi döyüşü kimi tarixə düşmüş Çanaqqala zəfərinin Türkiyə və dünya tarixində hansı dönüşə səbəb oldu. Çanaqqala zəfərinin Türkiyə və Azərbaycan üçün əsas əhəmiyyəti çəkisi nədən ibarətdir?

Bu gün Çanaqqalada qocaman bir tarix və bu tarixi yazmaq üçün canından keçən 100 minlərin anım günüdür. Çanaqqala bu müharibəyədək yalnız, Osmanlı imperiyasını Avropadan ayıran coğrafi boğazın adı idi. Amma bu gün Çanaqqala 9 ay davam edən məhrumiyyətlərin, itkilərin, əzmin hesabına qazanılan möhtəşəm zəfərin, dünya durduqca davam edəcək qürurun dastanıdır.

Birinci dünya müharibəsi başlayan ərəfədə Osmanlı imperiyası əvvəlki gücünün qalmadığını, qüdrətinin zəiflədiyini yaxşı dərk edirdi. Lakin 1915-ci ilədək artıq çoxdan qütbləşən Avropa dövlətlərinə 7 əsrlik tarixi olan imperiyanın sahib olduğu strateji nöqtələr və ən əsası əhali potensialı, vuruşmağı yaxşı bacaran türk əsgərləri lazım idi.

Buna görə də həm Antanta, həm də Üçlər İttifaqına maraqlı olan Osmanlı imperiyası, seçimini 1914-cü ilin 21 avqustunda etdi. Həmin gün Ənvər Paşanın imzaladığı gizli müqavilə ilə imperiya Üçlər İttifaqının tərkibində müharibəyə qoşuldu. Bu müharibədə Çanaqqala cəbhəsinin önəmi çox böyük idi. Osmanlı imperiyası üçün Çanaqqalada məğlub olmaq İstanbulu itirmək və bir dövlət kimi yox olmaq demək idi.

“Rusiyaya yardım aparamaq üçün Antanta dövlətlərin tək bir yolu vardı. Dardanel və Bosfor boğazları vasitəsilə Qara dənizə çıxmaq və Rusiyaya yardımı çatdırmaq. Məhz bu səbədən Çanaqqala cəbhəsi açılmışdı”, – deyə tarixçi Hüseyn Günəşli bildirib.

Bu savaşda türklərlə yanaşı 6 minə yaxın azərbaycanlının da şəhid olduğu deyilir.

“Türk faktoru müharibədə özünü doğrultdu. Belə ki, Çanaqqalada əsasən Krımdan, Bakıdan və Orta Asiyadan gələ türklər məhz Osmanlı tərəfində savaşdılar”, – deyə tarixçi Hüseyn Günəşli qeyd edib.

Bu gün də Çanaqqalada Şəhid qəbiristanlığında azərbaycanlıların baş daşları mövcuddur. Onlardan birinin üzərində əslən Bakıdan olan 18 yaşlı İbrahim Hasanoğlunun adı yazılıb. 1897-ci il təvəllüdlü bu şəxs barədə başqa məlumat yoxdu. Çanaqqalaya vuruşmağa gedən azərbaycanlılar arasında Telman Siyabovun babaları da olub.

“O zaman bir dəstə atlı vuruşmaq məqsədilə Türkiyəyə getdilər. Həmin vaxt bəylər və xanlar xeyli miqdarda yardım toplamışdı. Toplanmış bu yardımlar isə atlılar vasitəsilə türklərə çatdırılmalı idi. Əhali isə atlıları toy-bayramla yola saldılar. Sonradan anladım ki, toplanan yardımlar Çanaqqala üçün imiş”, – deyə babası Çanaqqalada şəhid olan Telman Siyabov vurğulayıb.

1915-ci ilin yazında başlayan Çanaqqala müharibəsi soyuq bir dekabr günündə ittifaq əsgərlərinin mövqelərini tərk etməsilə başa çatdı.

9 ay davam edən savaşda hər iki tərəf böyük itkilər verdi. Təkcə ittifaq ölkələrinin itkisi 300 minə yaxın idi. Türk ordusu isə bu qələbəni 250 minə yaxın şəhidin qanı bahasına qazandı. O vaxtdan Çanaqqala türk dünyasının, müsəlman aləminin və bütövlükdə təcavüzə məruz qalan bütün xalqların azadlıq nəğməsinə, əzmkarlıq qalasına, zəfər bayramına çevrildi.

Mənbə
ANS-TV-Ayşəm Rüstəmova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR