Azərbaycanda şok ucuzlaşma (VİDEO)

Azərbaycanda şok ucuzlaşma (VİDEO)
22:41 24 Aprel 2015
340 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin hökumətin son iclasında dərman bazarındakı vəziyyətlə bağlı ciddi iradından sonra qiymətlərlə bağlı yeni qərar açıqlandı. Ölkənin bütün apteklərində dərmanlar eyni qiymətə satılacaq. Bu qərar dərmanların qiymətinə necə təsir edəcək?

ANS TV-nin məlumatına görə, dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilən dərman vasitələri bundan sonra bütün apteklərdə eyni qiymətə satılacaq. Qiymətləri isə Tarif Şurası təyin edəcək. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Ölkə ərazisində indiyə qədər dərmanların qiymətinin baha olması isə dərman bazarında rəqabətin olmaması ilə izah edilir.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, dərmanların qiymətinin eyniləşdirilməsi əslində dərman bazarında qiymət tavanının müəyyənləşdiriliməsi deməkdir:

“Praktiki olaraq bazardakı qiymətlər süni qiymətlər kimi qiymətləndirilə bilərdi. Çünki bizim apardığımız tədqiqatlar göstərirdi ki, Azərbaycanda oxşar dərman preparatının qiyməti qonşu Türkiyə ilə müqayisədə təxminən 2 dəfə, qonşu İranla isə müqayisədə 2,5 dəfə bahadır. Eyni zamanda Azərbaycan digər qonşularımız – Gürcüstan və Rusiya ilə də qiymətlər baxımından uduzurduq”.

Tibbi ekspertlər isə deyir ki, dərman vasitələrinin qiymətlərinin eyniləşdirilməsi bəzi apteklərin bazardan çıxmasına səbəb ola bilər.

Professor Adil Qeybulla bildirdi ki, dövlətin müdaxiləsi ilə qiymətlərin müəyyən olunmuş səviyyədə saxlanılması bəzi apteklərin sıradan çıxmasına səbəb olacaq: "Etiraf etmək lazımdır ki, Azərbaycana keyfiyyət parametrləri müəmmalı olan dərmanlar daxil olur. İstehaslı şübhə doğuran, üçüncü ölkələrdən gələn və bir-birini təkrarlayan dərmanlar həddən artıq çoxdur. Bu səbəbdən də dərman bazarı ciddi şəkildə nəzarət olunmalıdır”.

Dərmanların qiymətinin yüksək olması məsələsi Prezident İlham Əliyevin sonuncu müşavirəsindən sonra gündəmə gəlmişdi. Dövlət başçısı bu məsələ ilə bağlı xüsusi irad və tapşırıqlarını bildirmişdi:

“Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürür.

Bu məsələnin həllinin tapşırıldığı Səhiyyə Nazirliyindən isə bildirirlər ki, qiymət eyniləşməsi bir qrup preparatlara deyil, bütün dərman vasitələrinə şamil olunacaq.

Mənbə
ANS TV: Aytən Abdulova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR