Həmidə Ömərova ad gününü qeyd edir: Aktrisaya həmkarlarından "sürpriz" - FOTOSESSİYA

Həmidə Ömərova ad gününü qeyd edir: Aktrisaya həmkarlarından "sürpriz" - FOTOSESSİYA
23:17 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Həmidə Ömərovanın doğum günüdür. Tanınmış aktrisa 58 yaşına qədəm qoyur. Bu münasibətlə sənətkarın həmkarları, sənət dostları onu təbrik ediblər. Milli.Az məşhurların Həmidə xanımın ünvanına yolladığı ad günü təbriklərini təqdim edir:

Xalq artisti Rasim Balayev:

“Mən Həmidə xanımla uzun illərdir tanışam və onunla birlikdə “Doğma sahillər” filmində çəkilmişəm. Yenə də qismət olarsa, çəkilərəm. Bu gün Həmidə xanım üçün kinoda xüsusi rollar yazılmalıdır. Düzdür, o, serialda çəkilir, amma Həmidə Ömərova bundan artığına layiqdir. Təbrik edirəm, o gün olsun, oğlunun toyunda oynayaq. 100 yaşasın!”

Xalq artisti Fəxrəddin Manafov:

“Mən də bütün təbriklərə qoşularaq Həmidə xanımı təbrik edirəm. Bir qadın nə arzulayar? Gözəllik və xoşbəxtlik... Bunların hamısı ona qismət olub. Mən ona yeni-yeni rollar arzulayıram. Bütün gözəl sözləri və arzularımı ona yetirin”.

Xalq artisti Səfurə İbrahimova:

“Həmidə Ömərova gözəl aktrisadır. Bunu təkcə mən demirəm, onu sevənlər çoxdur. Sənətkar nə arzulayarlar? Yeni-yeni rollar. Ona yeni obrazlar arzu edirəm. Ad gününü salamat keçirsin”.

Xalq artisti Zərnigar Ağakişiyeva:

”Həmidə Ömərova ilə kinostudiyada tanış olmuşuq. O vaxt Moskvada oxuyub bitirənlər birbaşa kinostudiyaya gəlirdilər. Həmidə onların içərisində ən gözəli və intellektlisi idi. O həmişə mənim diqqət mərkəzimdə olub. Onda bir ictimai xasiyyət var. Biz sonralar onunla dublyajda bir araya gəlirdik. Onda sənət yanğısı var, istiqanlı insandır. Mən Həmidə xanıma cansağlığı, uzun ömür arzu edirəm. Oğlunun toyunu görsün, inşallah!”

Xalq artisti Elmira Şabanova:

“Həmidə Ömərova mənim hörmət etdiyim insan və şəxsiyyətlərdəndir. Mən ad günündə ona yalnız cansağlığı arzu edirəm. O hamı tərəfindən qəbul edilən bir aktrisadır. Sənətində uğur onu həmişə izləsin. Nənə olsun, bu şirinliyi dadsın”.

Xalq artisti Nuriyyə Əhmədova:

“Həmidə Ömərova gözəl insandır, mənə yaxın olan bir aktrisadır. Onu bacım qədər çox istəyirəm. O, yaxşı dostdur. Həmişə mənim yanımda olub. Mən onun yeganə balasına xoşbəxtlik arzulayıram. Rəhimin toyuna gələk, inşallah! O çox böyük sənətkardır. İstərdim onun üçün yeni rollar yazılsın, çünki o buna layiqdir”.

Millət vəkili Aydın Mirzəzadə:

“Xalq artisti Həmidə Ömərova bizim sevimli aktrisamız olmaqla yanaşı, neçə-neçə filmlərin bizə yadigarıdır. Onun ad gününü səmimi qəlbdən təbrik edirəm. Bundan sonra da o gözəl rolları ilə tamaşaçıları sevindirsin. Ad gününüz mübarək!”

Xalq artisti Firəngiz Mütəllimova:

“Allah Həmidə xanıma cansağlığı versin. Həqiqətən də onu hamı sevir, balacadan-böyüyə hamının ürəyində taxt qurub. Mən və Nərgiz də onu çox istəyirik, bizim adımızdan gözəl aktrisamızı təbrik edin”.

Xalq artisti Zemfira Nərimanova:

“Həmidə Ömərova gözəl insandır. İnanın, onun çox böyük ürəyi var. Həmidə xanıma ən gözəl arzular diləyirəm. O hər şeyin yaxşısına layiqdir. Həmişə xalq tərəfindən sevilib və bu gün də sevilir. Allah onu ailəsinin başının üstündən əskik etməsin. Oğlundan gözü dolusu görsün”.

Xalq artisti Bəsti Cəfərova:

“Həmidə xanım bizim surətən ən gözəl aktrisalarımızdan biridir. Ona ən böyük arzum nə ola bilər ki? Gözəl-gözəl rollar və cansağlığı. Nənə olsun, oğlunun toyunda oynayaq, inşallah!”

Əməkdar artist Zemfira Sadıqova:

“Həmidə Ömərovaya əvvəla ən gözəl nemət olan uzun ömür, cansağlığı arzu edirəm. Onun bir oğlu var. Oğlundan gözü dolusu görsün. Mən onu nənə görmək istəyirəm. Sənət yolunda isə ona uğurlar diləyirəm”.

Xalq artisti Tariyel Qasımov:

“Həmidə xanımı mən çox yaxından tanıyıram. İnanın Allaha, onun kimi insanlar yer üzündə çox azdır. Xoşbəxtlikdən, onunla birlikdə filmlərdə də çəkilmişəm. Həmidə xanım, ad gününüz mübarək!”

Əməkdar artist Sonaxanım Mikayılova:

“Mən Həmidəyə cansağlığı, uzun ömür, sənət aləmində daha böyük uğurlar arzu edirəm. Bu gözəl, böyük ürəkli insana bircə oğlunun uğurlarını görüb sevinməyi diləyirəm. Ad günün mübarək!”

Əməkdar artist Sənubər İskəndərli:

“Həmidəni insan kimi tərif etmək üçün sözlər azdır. Səsləndirdiklərim ona xas olan gözəlliklərin çox cüzi bir hissəsi olar. Peşəsindən tutmuş, şəxsiyyətinə qədər o qədər gözəl keyfiyyətlərə malik insandır ki, saymaqla bitməz. Ona ən öndə cansağlığı və övladının xeyrini, uğurunu görməyi arzu edirəm”.

Bəstəkar İmruzə Hüseynova:

“Deyirlər, filankəs necə adamdır? Cavab gəlir ki, yol yoldaşı olmamışam, deyə bilmərəm. Sözün düzü, mən yola çıxmasaydım da, Həmidə xanım haqqında danışa bilərdim, amma xoşbəxtlikdən, biz 1990-cı ildə yol yoldaşı olmuşuq. Ekrandan vurulduğum, çox sevdiyim bir xanımı yanımda hiss etməkdən böyük zövq aldım, gözəlliyinə, sadəliyinə, insanlığına bir daha vuruldum. Həmidə xanıma cansağlığı arzu edirəm və bir balasının xeyrini görsün deyirəm, nəvələrindən “nənə” sözünü eşidib daha da cavanlaşsın. Amin!”

Əməkdar artist Füzuli Hüseynov:

“Həmidə xanıma təbriklərimi yetirin, canı sağ olsun, bəxti gətirsin. Sevdiyim aktrisadır, könlü istədiyi qədər ömür arzulayıram”.

Teleaparıcı Hacı Nuran:

“Həmidə Ömərovanı ana qədər istəyirəm. Mən bu insanı illərdir tanıyıb, hörmət edirəm. Ondan bir dənədir, o əvəzolunmazdır. Hətta ən çətin vaxtlarımda o özü bilmədən elə bir məqamda zəng vururdu ki, o an mənim, ən azı, təsəlliyə ehtiyacım var idi. Həmidə xanımı ad günü münasibətilə təbrik edirəm, oğlunun toyunu görək, inşallah. Həmidə xanım, mən sizi çox sevirəm”.

Əməkdar artist Nahidə Orucova:

“Həmidə xanıma allah hər şey verib - xalqın sevgisini, gözəl filmlərə çəkilib, gözəl övladı var. O həqiqətən də bizim ən dəyərli sənətkarımızdır. Mən də onu çox istəyirəm. 100 yaşasın, oğlundan nəvə görsün”.

Biz də saytımız adından sevimli aktrisamızı təbrik edir, ona uzun ömür, yeni sənət sevincləri arzulayırıq!

Əli Rəhimoğlu
Milli.Az

























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/335725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR