Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 24-də axşam saatlarında respublikanın şəhər və rayonlarında bir neçə yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində döşəmə və məişət tullantıları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Digər bir neçə yanğın hadisəsi paytaxt ərazisində qeydə alınıb. Belə ki, Bakının Yasamal rayonunda vətəndaşa məxsus 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Səbail rayonunda isə dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 7 ədəd elektrik sayğacı yanaraq yararsız vəziyyətə düşüb.
Daha bir yanğın Lənkəran rayonu, Şiləvar kəndində baş verib. Vətəndaşa məxsus hamamda lambirdən ibarət tavan yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.
Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.