Ermənistan Rusiyaya xəyanət etdi - Cəzası necə olacaq?

Ermənistan Rusiyaya xəyanət etdi - Cəzası necə olacaq?
07:05 17 Oktyabr 2018
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Frankofoniya təşkilatının Ermənistanın paytaxtı İrəvanda keçirilən son sammitinin yekun bəyannaməsində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü təsdiq edilir. Yəni dolayısı ilə Rusiyaya birləşdirilmiş Krımın Ukraynanın tərkib hissəsi olduğu bildirilir. Maraqlıdır ki, sənədə Rusiyanın özünün yaxın müttəfiqi hesab etdiyi Ermənistan da imza atıb. Halbuki, rəsmi Moskva bu ilhaqı krımlılarının öz iradəsi əsasında Krımın Rusiyaya birləşdiyini iddia edir. Yəni Ermənistan bu sənədə imza atmaqla açıq-aşkar Rusiyaya qarşı çıxır.

Digər tərəfdən Ermənistan prezidenti Armen Sarkisyan oktyabrın 12-də Rusiya, eləcə də dünyanın əksər dövlətləri tərəfindən tanınmayan Kosovo respublikasının prezidenti Haşim Taçi ilə görüşüb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində kosovonun xarici işlər naziri Nehcət Patsolli ilə görüşüb müzakirələr aparmışdı.

"Soros" fondunun təsiri altında olan Ermənistanın yeni rəhbərliyinin Rusiyanın maraqlarına və mövqeyinə zidd olaraq prezident səviyyəsində Kosovonun dövlət başçısı ilə görüşməsi Kosovonun tanınması mənası daşıyır. Təsadüfi deyildir ki, Serbiya Prezidenti Frankafoniyanın Ermənistanda keçirilmiş sammitində iştirak etməkdən imtina etmişdi.

Bundan əlavə, artıq bir neçə aydır ki, Ermənistanda anti-Rusiya əvhal-ruhiyyəsi güclənib. Ermənistandakı Rusiya hərbçilərinə qarşı çıxışlar edilir, eləcə də burada rusdilli məktəblərin azaldılması ilə bağlı sərt fikirlər səsləndirilir.

Ermənistanla-Rusiya arasındakı bu qəribə "müttəfiqliyi" Milli.Az-a şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov əslində bunun Ermənistan tərəfindən Ruisyaya qarşı xəyanət olduğunu bildirib:

"Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsinin arxasında Qərb dövlətləri, Rusiyaya qarşı olan müəyyən qüvvələr, QHT-lərin qrantları, Corc Soros və onun fondudur. Nikol Paşinyanın özü isə anti-Rusiya yönümlü siyasətçidir. Bunu inkar etmək mənasızdır. Ermənistanın yeni rəhbərliyini addım-addım idarə edən həmin qüvvələr təbii ki, Rusiyaya qarşı tədbirlər görülməsini tələb edirlər. Təbii ki, Ermənistan rəhbərliyinin Kosovo rəhbərləri ilə yüksək səviyyədə görüşü, Ermənistanda rus məktəblərinin bağlanması, İrəvanda Frankofoniya təşkilatının sammitinin bəyannaməsinə Ukraynın ərazi bütövlüyünü dəstəkləyən, dolayısı ilə Rusiyanın əleyhinə olan maddənin əlavə edilməsi bir zəncirin halqalarıdır. Təbii ki, Rusiya bunu anlayır. Sadəcə hazırda Rusiya ətrafında yaranmış siyasi vəziyyət çox gərgindir. Hələ ki, Moskva proseslərə adekvat cavab verə bilmir. Lakin Ermənistanla Rusiya arasındakı bu ziddiyyətlər açıq şəkildə üzə çıxarılmır. Çünki Paşinyan hələ hakimiyyətdə möhkəmlənməyib. O, xalq tərəfindən seçilməyib, sadəcə çevriliş nəticəsində hakimiyyətə gəlib. Bunun üçün ona qarşıdan gələn parlament seçkilərində tam qələbə qazanmaq və hakimiyyəti hərtərəfli ələ keçirmək lazımdır. Məhz qarşıdakı seçkilər Paşinyanın və Ermənistanın yeni rəhbərliynin aqibətinin necə olcağını göstərəcək.

Paşinyan hakimiyyətə gələndən sonra vaxtilə İrəvanda hərbi qiyam etmiş "Sasna Tsrer" hərbi-terrorçu təşkilatın həbs edilmiş 27 üzvünü həbsxanadan azad edib. Onlar isə öz növbəsində silahı yerə qoyub dinc qaydada siyasətə məşğul olacağına söz veriblər. Əslində həmin şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəsriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə də iştirak edib. Bu cinayətkarlar həm də Rusiyaya qarşı kəskin mövqedə duran terrorçulardır. Əslində bu, Paşinyanın məsələlərə siyasi don geydirib özü üçün silahlı şəxslərdən, muzdurlardan ibarət dəstənin yaradılmasının təməlini atması deməkdir. Bu göstərir ki, Ermənistan rəhbərliyi hakimiyyətdə qalarsa, gələcəkdə Rusiyaya qarşı daha radikal olacaq".

Rusiyanın Ermənistana qarşı hansı addımlar ata biləcəyinə gəlincə, E.Ələsgərov hesab edir ki, bunun üçün Rusiyanın əlində çöx böyük imkanlar var: "Əvvəla, Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Siyasi proseslərə təsir edə biləcək iqtisadi rıçaqlar, o cümlədən Rusiyanı dəstəkləyən siyasi qüvvələr var. Ona görə də böyük ehtimalla Paşinyan kimi Rusiya da Ermənistandakı parlament seçkilərinin nəticələri gözləyir. Yəni hələlik Rusiya gözləmə mövqeyini tutub. Çünki Moskva indi vaxtilə Ukraynada olduğu kimi səhvə yol vermək, həddən artıq radikal addımlar atmaq istəmir. Əgər Moskva Ermənistanda radikal addımlar atsa, Qərb Rusiyanı daha dərin böhrana sürükləyə bilər. Məhz buna görə də rəsmi Moskva Ermənistan məsələsində mövqeyini ehtiyatla ifadə edir. Üzdən özünü neytral göstərir, daxildən isə böyük ehtimalla Ermənistana qarşı sərt tədbirlər hazırlanır. Məhz parlament seçkiləri Emrənistanın gələcəyinin necə olacağı və Rusiyanın hansı addımlar atacağı məlum olacaq".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com,  Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/695230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR