Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində 6-cı tura yekun vurulub. Hesabat turunda dünya çempionu Maqnus Karlsen Rusiya şahmatçısı Vladimir Kramniki məğlub edib. Sabiq dünya çempionu ardıcıl üç məğlubiyyətə görə üzüldüyünü gizlətməyib:
"Ardıcıl üç məğlubiyyət yaxşı hal deyil. Bilmirəm karyeramda belə vəziyyət olub, ya yox. Yadıma gəlmir. Son iki turda həvəslə oynayacam. Hər halda şahmatı çox istəyirəm. Bununla belə formada olmadığım aydındır. Partiyalar zamanı hesablamalarda səhvlərə yol verirəm. Gedişlərin ardıcıllığını düzgün etmirəm".
Metbuat.az-ın məlumatına görə, norveçli dünya çempionu Maqnus Karlsen isə hazırda onu təbrik etməyin tez olduğunu bildirib:
"Ardıcıl ikinci dəfə Şəmkirdən qalib kimi ayrılmaq üçün yaxşı şansım var. Turnir cədvəlindəki vəziyyətim çox əladır. Amma təbrikləri qəbul etməyin vaxtı deyil. Qarşıda çox vacib iki oyun olacaq. Hər ikisində qalib gəlmək vacibdir".