Öldürüldüyü ehtimal edilən Camal Kaşıkçının sonuncu məqaləsi dərc edildi

Amerikanın “Washington Post” qəzeti 2 oktyabrdan itkin düşən və öldürüldüyü ehtimal edilən səudiyyəli jurnalist Camal Kaşıkçının onlar üçün qələmə aldığı son məqaləsini dərc edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ərəb dünyasının ən çox ehtiyacı olan şey ifadə azadlığıdır" adlı məqalənin əvvəlində Kaşıkçının “Washington Post” üçün yazdığı köşənin redaktoru Karen Attiahın fikirləri də yer alıb. Attiah “Qəzet bu məqaləni dərc etmək üçün gözlədi, çünki Camalın geri dönəcəyinə və məqaləni birlikdə düzəldəcəyimizə ümid edirdik. Ancaq indi bunu qəbul etməliyəm – Bu olmayacaq. Bu onun “Washington Post” üçün düzəldəcəyim son əsəri olacaq. Camal bu məqalədə ərəb dünyasındakı müstəqilliyə bağlılığını və arzusunu çox gözəl şəkildə ortaya qoyur. Böyük ehtimalla həyatını müstəqillik üçün fəda etdi. Ona bir il əvvəl qəzetçilik sahəsində sonuncu yuvası olaraq “Washington Post”u seçdiyi və bizə birlikdə çalışmaq şansı verdiyi üçün sonsuza qədər minnətdar olacam” deyib.

Camal Kaşıkçı məqaləsində “Freedom House” adlı təşkilatın “2018-ci il Dünyada Azadlıq Hesabatı”nın araşdırmasını qeyd edib və bildirib ki, o hesabatda azad ərəb ölkəsinin yalnız Tunis olduğu deyilir: “İordaniya, Mərakeş və Küveyt qismən azad, digər ərəb ölkələri azad olmayanlar sırasında yer alıb. Nəticə olaraq, bu ölkələrdə yaşayan ərəblər ya məlumatlandırılmır, ya da səhv məlumatlandırılır. Bölgə və gündəlik həyatlarına təsir edən məsələlərə toxuna bilmirlər, cəmiyyət içində danışa bilmirlər. Dövlət rəhbərliyi ictimai ağla hökm edir və bəziləri buna inanmadığı halda, cəmiyyətin böyük əksəriyyəti bu səhv fikirlərə qurban gedir. Təəssüf ki, bu vəziyyət dəyişəcək kimi də görünmür”.

Kaşıkçı, medianın yarı azad olduğu Tunis və Küveytdə belə yalnız daxili məsələlərə toxunulduğunu, ərəb dünyasının problemlərinə toxunulmadığını, ərəb dünyasının saray zinəti adlandırdığı Livanın belə media azadlığına gələndə qütbləşməyə və İranın dəstəklədiyi Hizbullaha qurban getdiyini qeyd edir: “Ərəb dünyası sadəcə xarici aktorların deyil, iqtidar içərisində rəqabətdə olan daxili qüvvələrin yolu ilə müəyyənləşən dəmir pərdə ilə qarşı-qarşıyadır”.

Kaşıkçı, “Washington Post” qəzetinin onun yazılarını ərəb dilində də yayımladığını bildirərək, buna görə minnətdar olduğunu deyib: “Ərəblər öz dilində oxumalıdılar, beləcə ABŞ və Qərbdəki demokratiyanın qarışıqlığını və fərqli yönlərini anlayıb müzakirə edə bilərlər. Əgər bir misirli, Vaşinqtondakı bir inşaat layihəsinin həqiqi qiymətini dərc edən məqalə oxusa, sonra öz cəmiyyətlərində olan oxşar layihələrin nəticələrini daha yaxşı başa düşə bilər. Ərəb dünyasının köhnə beynəlxalq mətbuatın müasir versiyasına ehtiyacı var. Bunun nəticəsində vətəndaşlar qlobal fəaliyyətlərdən xəbərdar ola bilərlər. Daha da vacibi, ərəblərin səslərini çatdıra bilmək üçün bir platformaya ehtiyacı var. Yoxsulluqdan, yanlış idarə edilməkdən və qeyri-kafi təhsildən əziyyət çəkirik. Müstəqil beynəlxalq forumun yaradılmasından sonra, ərəb dünyasındakı insanlar öz icmalarının qarşı-qarşıya qaldığı struktur problemlərinə toxuna bilərlər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR