Metbuat.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Baqali Dabo Qol.az-a müsahibə verib. Komandasının çempionluq şanslarını dəyərləndirən fransalı futbolçu Topaz Premyer Liqanın 9-cu turunda sabiq klubu “Qəbələ”yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb.
- “Neftçi” birinci dövrədə yaxşı təsir bağışladı və bunun nəticəsi olaraq hazırda liderdir. Necə düşünürsünüz, milli komandaların oyunları ilə bağlı yaranmış fasilə komandanın tempini aşağı salmayacaq?
- Mən belə düşünmürəm. Fasilə hamı üçün eynidir. Bütün komandalar eyni vəziyyətdədir. Heç kimin üstünlüyü yoxdur. Liderliyi qoruyub-saxlamaq üçün hər şeyi edəcəyik.
- Bəziləri düşünür ki, "Neftçi"nin liderliyi müvəqqətidir. Siz hansı fikirdəsiniz?
- Yenə deyirəm, biz zirvədə qalmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün oyunlarda qalib gəlmək istəyirik. Fikrimcə, çempionluq şanslarımız, iddialarımız gerçəkdir.
- Bu tur Qəbələ səfərinə yollanacaqsınız və sizə doğma olan məkanda sabiq komandanıza qarşı oynayacaqsınız. Hansı hisləri keçirirsiniz?
- Burada qeyri-adi heç nə yoxdur. Xüsusi hiss yaşamıram. Çünki normal bir şeydir. Peşəkar futbolda oyunçular öz sabiq komandalarına qarşı oynayırlar. Ona görə də fərqli hislər keçirmirəm.
- Məlum məsələdir ki, mövsümün əvvəlində baş verənlərə görə “Qəbələ” azarkeşlərinin narazılığı və təzyiqi ilə üzləşə bilərsiniz. Bu, sizin oyununuza necə təsir edə bilər?
- Mən heç bir təzyiqdən qorxmuram. Ümumiyyətlə, peşəkar futbolçu heç nədən çəkinməməlidir.
- Ötən mövsüm 13 qolla Topaz Premyer Liqada bombardir olunuz. Bu il də belə hədəfiniz varmı və neçə qol vurmaq istəyirsiniz?
- Qarşıma şəxsi hədəflər qoymuram. Əsas məqsədim odur ki, komanda qalib gəlsin. İndiki məqamda ən vacibi budur. Şəxsi məqsədlər mənim üçün ikinci dərəcəlidir.
- “Qarabağ” ardıcıl 5 ildir ölkə çempionu olur. Necə düşünürsünüz, “Neftçi” bu mövsüm “Qarabağ”ın hegemonluğuna son qoya biləcək?
- Bu mövsüm uğurlu çıxış etmək üçün hər şeyi edirik. Əsas hədəfimiz çempionluqdur. Alınacaq-alınmayacaq, bunu zaman göstərəcək. Hazırda liderik. Zirvədə qalmaq üçün var-gücümüzlə çalışırıq.
Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla