Bakıda çay evində "pis oğlanları" qətlə yetirənlərə hökm oxundu

Bakıda çay evində "pis oğlanları" qətlə yetirənlərə hökm oxundu
12:57 13 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Baki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ənvər Həsənov, Şücai Qulam Pərviz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ənvər Həsənov 15 il, Şücai Qulam 15 il və Pərviz Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2013-cü ilin oktyabr ayının 18-də Binəqədi rayonu, Naxçıvani küçəsi, 13 ünvanındakı “Magic Club” çay evində işləyən Ənvər Həsənov həmin çay evinə müştəri qismində gələn Məmmədzadə Səttar Fərəməz oğluna mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov oraya gəliblər. Öz aralarında söhbət edərkən həmin vaxt orada olan Qulam Şücai onların “Vorovski” qəsəbəsində yaşadığını bilib. Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmdə məşhur olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamlar tanımadıqlarını deyiblər.

Qulam həmin şəxsləri tanımamalarını Səttarla Ceyhuna irad tutub. “Həmin qardaşları tanımayanlar özlərini tanımır, deməli, yaxşı oğlanlar deyilsiniz” deyib.

Bununla bağlı gənclərin aralarında mübahisə yaranıb. Qulamın dediklərini dostları Pərvizlə Ənvər də təsdiqləyiblər. Yaranmış mübahisəni aydınlaşdırmaq üçün çay evinin ikinci kabinetinə keçmək təklif olunub.

Kabinetə keçərkən Pərviz Səttarın çənəsindən vuraraq ona xəsarət yetirib. Qulamla Ənvər “vurulmalı idi, vurdu” deyərək dostlarının hərəkətinə haqq qazandırıblar. Mübahisə daha da qızışıb. Ənvər cibindən çıxardığı bıçaqla Səttara 9 zərbə endirib. Yaralı Mərkəzi Kliniki Xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR