Mübariz Əhmədoğlu: Ermənistanın imici satqın və quldur Serj Sarkisyan imici ilə eyniləşdi

Mübariz Əhmədoğlu: Ermənistanın imici satqın və quldur Serj Sarkisyan imici ilə eyniləşdi
12:58 13 Yanvar 2015
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“2014-cü il Ermənistanın reytinqinin hədsiz çox aşağı düşdüyü ildir. Qərbdə və Şərqdə heç kim Ermənistanı ciddi hesaba almadı. Avrasiya İqtisadi Birliyinin Qazaxıstan, Belorus və Moskvadakı sammitlərində Ermənistanın Prezidenti Serj Sarkisyanın davranışı Ermənistan mətbuatında ciddi müzakirə mövzusu olub”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, S.Sarkisyanın yaxın ətrafı həmişə izah etməyə çalışıb ki, S.Sarkisyanın davranışı lider davranışı idi:

“AİB-in Astana sammitində Qazaxstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ tənzimlənməsi üzrə Ermənistanın uydurma maraqlarının ziddinə bəyanat verdi, Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxudu. S.Sarkisyan susdu. Onun administrasiyası bunu liderə yaraşan diplomatik manevr adlandırdı. S.Sarkisyan Ermənistana qayıtdıqdan sonra isə həmin mövzu üzrə “xoruzlandı”. S.Sarkisyan Belorusun paytaxtı Minsk şəhərində MDB, AİB və KTMT sammitlərində iştirak zamanı da Ermənistanın müstəqilliyinə və Dağlıq Qarabağ siyasətinə toxunan addımlara heç bir reaksiya vermədi. Yenə Ermənistan mətbuatı S.Sarkisyanın liderlik keyfiyyətini müzakirə obyektinə çevirdi. Rəsmilər yenidən özlərini təkrarladılar”.

M.Əhmədoğlu vurğulayıb ki, AİB və KTMT-nin Moskva sammitləri zamanı da S.Sarkisyan Ermənistanı AİB-ə üzv qəbul etdiklərinə görə AİB təsisçilərinə minnətdarlıq etdi:

“Belorus prezidenti Aleksandr Lukaşenkonun parlaq çıxışından sonra çıxış etməyin mənasız olduğunu bildirdi. Prezident aparatının rəsmiləri S.Sarkisyanın bu sammitdə də özünü əsl lider kimi apardığını bildirdilər. Avrasiya İqtisadi Birliyi və KTMT Rusiya məkanı hesab edilir. Bu məkanda il ərzində keçirilən tədbirlərin heç birisində S.Sarkisyanla heç bir ölkənin prezidenti rəsmi görüş keçirmədi, onu qəbul etmədi. Daha rüsvayçı vəziyyət Qərb məkanındadır. S.Sarkisyan BMT BA-nın 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-da oldu, bir sıra əlavə tədbirlərdə iştirak etdi, ABŞ-a səfərinin müddətini bir qədər uzatdı. Bununla belə, Vaşinqtonun heç bir təmsilçisi Ermənistan dövlət başçısı ilə görüşmədi; NATO-nun Uels sammiti zamanı Böyük Britaniya və tədbirdə iştirak edən digər dövlət rəsmilərindən də heç kim S.Sarkisyana vaxt ayırmadı; Vatikana səfəri zamanı S.Sarkisyan istədiyinə nail olmadı. Vatikan ümumiyyətlə Ermənistanın xristianlıqdakı iddia olunan rolunu inkar edir. Vatikanın fikrincə, xristianlıq erməni xalqının inkişafında həlledici rol oynayıb. Bu kontekstdə “Ermənistanın xristianlığı qəbul edən ilk dövlət” olması tezisi tamamilə iflasa uğradı. Vatikan Roma Papasının Türkiyəyə səfər zamanı həm də Ermənistana səfər etməklə bağlı Ermənistanın təklifini rədd etdi. Roma Papası Fransisk Türkiyəyə səfəri zamanı ən az diqqət verdiyi məsələ ermənilərə aid mövzular idi. Vatikan İtaliyanın ərazisində yerləşir. S.Sarkisyanın İtaliyanın ərazisində olmasına baxmayaraq İtaliya rəsmilərindən heç kim S.Sarkisyanla görüşmədi. Həmin dövrdə İtaliyanın Xarici İşlər naziri F.Moqerini Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali təmsilçisi vəzifəsinə təyin edilmişdi. Bəlkə də S.Sarkisyan məhz elə onunla görüşmək üçün İtaliya ərazisinə səfər etmişdi”.

Politoloq qeyd edib ki, Avropa Xalq Partiyasının qurultayında iştirakda S.Sarkisyanın ən əsas məqsədi Aİ-nin yeni rəhbərliyilə görüşüb, Ermənistanın yeni “avrocanlanmanı” müzakirə etmək istəyirdi. M.Əhmədoğlu vurğulayıb ki, qurultayda Avrokomissiyanın sədri J.K.Yunkerin və Aİ-nin prezidenti D.Tuskun iştirak etməsinə baxmayaraq onlar da S.Sarkisyanı qəbul etmədilər:

“Ermənistan prezidenti S.Sarkisyan Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş yubiley tədbirində sensasiyalı çıxış etdi: Sən demə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üçüncü dövlətə qarşı yönəlibmiş. S.Sarkisyan Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının İsveç və Polşanın təşəbbüsü olduğunu və bu dövlətlərin, xüsusilə Polşanın Rusiyaya münasibətini çox gözəl bilir. “Şərq Tərəfdaşlığı” Proqramının başladığı 2009-cu ildən üzü bəri Rusiya hər ildə bir neçə dəfə Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının Rusiyanın əleyhinə yönəldiyini rəsmi şəkildə bəyan edib. S.Sarkisyan Aİ ilə antirusiya mahiyyətli danışıqlar apararkən, Aİ-yə üzv bəzi dövlətlərin rəhbərlərilə Şimali Qafqazda vəziyyəti müzakirə edərkən və o zamanki baş nazir T.Sarkisyan prezident S.Sarkisyanın tapşırığı ilə Avropa İttifaqının rəhbərləri və avroparlamentarilərilə Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyü barədə danışıqlar apararkən bunların mahiyyətini bilməməsi qeyri-mümkündür. “Ermənistanın Avropa ilə eyni dəyərin daşıyıcısı olduğu, amma arzuolunmadan SSRİ-nin tərkibinə düşməsi” tezisinin də müəllifi S.Sarkisyandır. İndi həmin S.Sarkisyan Avropa İttifaqını Ermənistanı antirusiyaçılığa sürükləməkdə ittiham edir. Avrokomissarları aldatdı, Ermənistanın “demokratikliyinə sənəd aldı”, Aİ-dən doyunca yardım dartdı və sonradan geri çəkildi. Amma sakit dayanmır, Aİ-ni şərləyir. Bu, ermənilərin avrodəyərli lideri S.Sarkisyanın orijinal əclaflığıdır”.

Politoloqun sözlərinə görə, İranın da Ermənistana münasibəti dəyişilib:

“Satqınlığa, xəyanətə vərdiş vermiş S.Sarkisyan 2014-cü ildə həm Rusiyanın, həm Aİ-nin, həm də İranının qarşısında özünü ifşa etdi. ABŞ mətbuatında S.Sarkisyanın adı narkotik maddələrin və brilyant dövriyyəsində, eləcə də beynəlxalq intriqalarda hallandı. Ermənistan vətəndaşlarının və ermənilərin kriminal aktivliyi sürətlə inkişaf edir. S.Sarkisyan və Katolikos II Qaregin erməni etnokriminallığının hamiləri və şərikləridir. S.Sarkisyan yalançıdır. Bütün siyasi manerası S.Sarkisyanın yalançı və blef ustası olduğunu sübut edir. S.Sarkisyan saxtakardır. Sovet komsomolu ideyasını bir anın içərisində erməni millətçiliyi ideyasına dəyişdi. S.Sarkisyanın sabit tərcümeyi-halı yoxdur. Xristian dəllallığı da onun saxtalığının nəticəsidir. S.Sarkisyan cinayətkardır. Əli azərbaycanlıların qanına batıb. Dağlıq Qarabağ ərazisindəki azərbaycanlılarının soyqırıma və deportasiyaya məruz qalmasında şəxsən iştirak edib. Xocalı soyqırımının iki müəllifindən biridir. S.Sarkisyan xəyanətkardır. Rusiyanın kifayət qədər inamını qazandı, sonradan ona arxadan xəncər sapladı. Avropa İttifaqını onun “Şərq Tərəfdaşlığı Proqramına” Ermənistanın qoşulacağına tam inandırmışdı. Bir gecənin içində Aİ-yə xəyanət etdi. Bütün azərbaycanlı dostlarına, onun əcdadlarını himayə edən azərbaycanlılara xəyanət etdi”.

Politoloq əlavə edib ki, S.Sarkisyan xristianlıq ideyalarını ermənilərin uydurma maraqlarına xidmət etməyə vadar etdi. Bununla da o xristian ideyalarına xəyanət etdi:

“Belə satqın, xəyanətkar keyfiyyətlərinə görə əli qana batmış S.Sarkisyanı indi Qərbdə və Şərqdə tanıyırlar və tanıdıqlarına uyğun rəftar edirlər. Ona görə də hörməti və nüfuzu aşağı düşür. İş burasındadır ki, Ermənistanın da reytinqi S.Sarkisyanın reytinqinin taleyini yaşadı”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR