"Azərbaycanın müstəqilliyi müstəqildir və şəriksizdir"

"Azərbaycanın müstəqilliyi müstəqildir və şəriksizdir"
13:03 13 Yanvar 2015
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“2014-cü il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu olub. Bəzi sahələrdə inkişaf sürəti zəif olsa da əksər sahələrdə inkişaf əvvəlki yüksək templə davam edib. “Cənub Qaz Dəhlizi”-nin reallaşdırılmasına başlanması Azərbaycanın təkcə 2014-cü il üçün deyil, bəlkə də bütövlükdə 21-ci əsr üçün ən uğurlu hadisədir. Azərbaycanın güclü siyasi iradəsinin və bacarığının nümayişi olan “Cənub Qaz Dəhlizi” müqaviləsi həm də Azərbaycanın Avropaya qaz satmasında yeni yanaşmaya malik olduğunu göstərdi”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, “Cənub Qaz Dəhlizi” müqaviləsinin imzalanması Azərbaycanın bu vaxtadək apardığı siyasəti dəyərləndirməyə də şərait yaratdı.

Onun sözlərinə görə, 20 il əvvəl “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycana qarşı gərgin mübarizə başlanmışdı:

“Azərbaycanın 7 rayonunun işğalını hətta bu mübarizənin nəticəsi kimi dəyərləndirmək olar. Amma üstündən 20 il ötdükdən sonra “Cənub Qaz Dəhlizi” müqaviləsinin imzalanması Rusiya-Azərbaycan müsbət münasibətlərinin ən aktiv dövrü ilə eyni vaxta düşdü. Həmin ərəfədə çoxlu sayda Rusiya rəsmiləri Bakıya səfər etdilər. Bakıya səfər edən qatı ermənipərəst və antiazərbaycan V.Jirinovski Azərbaycanın müstəqil siyasət apardığını etiraf etdi. Hətta Türkiyə qırıcı təyyarələrinin həmin ərəfədə Azərbaycan ordusu ilə birgə hərbi təlim keçirməsi də Rusiyada qıcıq yaratmadı. Bütün bu hadisələr Azərbaycanın apardığı siyasətin ən mükəmməl testi idi”.

M.Əhmədoğlu vurğulayıb ki, 2014-cü ildə Azərbaycanda insan hüquqlarının və demokratiyanın pozulması siyasi mübarizə predmetinə çevrildi:

“Hətta bu mübarizəni Dağlıq Qarabağ kontekstinə də aid etmək mümkündür. ABŞ və Aİ strukturları Azərbaycanı ardıcıl sürətdə ittiham etməyə başladılar. Əslində, bu onlar üçün elə də çətin deyildi. Çünki Azərbaycanda insan hüquqlarının pozulması faktlarının sayının artması onların öz əməllərinin nəticəsi idi. Qrant proyektləri vasitəsilə bunu reallaşdırmışdılar. Ona görə əziyyət çəkmədən faktları “tapa” bilirdilər. Azərbaycanda insan hüquqlarının pozuntusu faktlarının süni sürətdə artırılması ideyasının müəllifi isə Ermənistan prezidenti Serj Sərkisyan idi. O dəfələrlə bu barədə Avropadakı ermənilərə və onların antiazərbaycan mövqe üzrə şəriklərinə tapşırıqlar vermişdi. ABŞ və Aİ-nin müvafiq strukturları isə bu tapşırığı strukturlaşdırıb reallaşdırdılar”.

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ və Aİ-nin qərəzi əndazəni aşıb, gözlərini kor, qulaqlarını kar edib: “Gürcüstanda müxalif televiziyanın lideri öldürüldü. ABŞ və Aİ-dən bir dəfə də olsun reaksiya gəlmədi. Gürcüstanda insan hüquqlarının və demokratiyanın vəziyyəti gürcü dövlətçiliyi üçün, eləcə də regional sabitlik üçün təhlükəli həddədir. ABŞ və Aİ kəsərli addım atmır”.

Politoloq əlavə edib ki, 2014-cü ildə Ermənistanda jurnalistlərin döyülməsi hallarının sayı 10-u ötüb: “Mətbu orqanlarına 40-dan çox hücum edilib. Ermənistanda mətbuata qarşı irticaçı qanunlar hazırlanıb. Erməni Apostol Kilsəsi digər dinlərin ağasına çevrilib. Bu “qanuni” yolla təmin olunub.

Ermənistanda müxalifətçilər döyülür. Say 10-u keçib. Müxalifətçi deputatı oliqarx deputatın sürücüsü döydü. Sürücü iki saat saxlanıldıqdan sonra azadlığa buraxıldı. Bütün bu hadisələr barəsində ABŞ və Aİ tamamilə susublar. Aİ-nin Ermənistandakı səfir T.Xristea müxalifətçilərin döyülməsi və digər insan hüquqları pozuntularına dair məsələlərə Aİ-nin reaksiya verəcəyini bildirsə də belə bəyanatdan xəbər yoxdur”.

M.Əhmədoğlu onu da bildirib ki, 2008-ci il martdakı seçki qırğınının istintaqı ilə bağlı heç bir konkretləşmə yoxdur: “Avropa Şurası İnsan Hüquqları komissarı Nils Mujniyeks 2008-ci il 1 mart hadisəsi qırğınlarının yaxınları ilə görüşməyə cəsarət etmədi. Ermənistanda heç bir seçki güllə-boransız ötüşməyib. ABŞ və Avropanın arzuladığı demokratiya budursa, Azərbaycanda bu demokratiya heç vaxt qurulmayacaq”.

Politoloq əlavə edib ki, Qərb regionda xristian-müsəlman bölücülüyü aparır. Onun sözlərinə görə, Gürcüstanın Katolikos Patriarxı Ermənistana xristian ittifaqı yaratmağı təklif etdi: “Gürcü patriarxlığının Erməni Apostol Kilsəsinə qeyri-dost münasibəti bəllidir. O münasibətin fonunda xristian ittifaqı yaratmaq təklifi irəli sürmək təsadüfi hadisə deyil. Regionda bölücülüyə aparan demokratiya da Azərbaycana lazım deyil. ABŞ və Aİ özlərini ritorikada Azərbaycanın müstəqil siyasətinin tərəfdarı kimi göstərsələr də reallıqda müstəqil siyasət aparan Azərbaycana maneçiliklər ixtira etməklə məşğuldurlar”.

M.Əhmədoğlu bildirib ki, Rusiya Azərbaycanın müstəqil siyasət apardığını 2014-cü ildə etiraf etdi: “İran da Azərbaycanın müstəqil siyasət apardığını etiraf etməyə çox yaxındır. Qərbin isə Azərbaycanın müstəqil siyasətinə münasibətdə geriyə doğru addım atması paradoksdur. Azərbaycanın bütün qonşularını və özünü Azərbaycana müttəfiq hesab edənlərin diqqətinə bir fikri çatdırmaq istəyirik: Azərbaycan seçimini edib, o müstəqil olacaqdır. Müstəqil siyasət aparmağa Azərbaycanın intellektual, siyasi və iqtisadi resursu var. Azərbaycan müstəqillik yolundan dönməyəcək. Xüsusi vurğulamaq istəyirik ki, Azərbaycanın müstəqilliyinin özü də müstəqildir. Azərbaycan xalqı müstəqilliyini heç kimin iştirakı olmadan qazanıb. Başqa sözlə, Azərbaycanın müstəqilliyinin heç bir şəriki yoxdur, olmayıb və olmayacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR