Şuşa teatrında yeni tamaşa

Azərbaycanda fəaliyyət göstərən teatrlar içərisində Şuşa Dövlət Musiqili Dram teatrının özunəməxsus dəst-xətti var desəm yerinə düşər.

Istər repertuar seçimi, istər aktyor oyunu, rejissor yozumu öz individuallığı ilə seçilir. Ən başlıcası isə teatr klassik ənənələrinə həmişə sadiq qalir. Hazırda teatr Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin məşqlərinə başlayıb. Əsərin quruluşçu rejissoru Lalə Şirinovadır.

Qeyd edim ki, ən maraqlı obrazlardan biri isə aparıcı aktrisa Bahar Abdullayevaya tapşırılıb. Aktrisa uzun müddət Sumqayıt Dövlət teatrında, daha sonra Gənclər teatrında çalışıb. Hazırda öz yaradıcılığını bu teatrda davam etdirir. Aktrisa bu yaxınlarda M.Qavranın "Aktyor əbədiyyətə qovuşanda" tamaşası ilə çıxış etdi. İki aktyorun oyunundan ibarət olan bu tamaşa sözsüz ki aktrisanın güclü potensial imkanlarını üzə çıxardı. Əlbəttə ki, səhnədə partnyoru Nazir Rüstəmovun oyunu da tamaşaçını biganə qoymur...

Nəzərə alsaq ki, o həm də tamaşanın rejissoru kimi çıxış edir, o zaman onun üzərinə düşən yükü təsəvvür etmək çətin deyil. Hər iki aktyor səhnədə sanki özlərini ifadə edirlər.Tamaşa boyu hər iki iştirakçı hadisələrin qovşağında tədricən tamaşaçı qarşısında gərgin vəziyyətlərə düşərək onu biganə qoymur. Nazir Rüstəmovun oyunu xüsusi ilə seçilir. Professional oyun sərgiləyən aktyor, obrazın mahiyyətinə vararaq nəticədə bitkin səhnə işi ortaya qoyur. Hazırda məşqləri gedən "Anamın kitabı" əsərində Bahar Abdullayeva "Zivər" obrazını məşq edir. Aktrisa obrazın olduqca maraqlı olduğunu vurğulayır. Həm də qeyd edir ki, C.Məmmədquluzadə kimi böyük ədibin əsərində rol almaq hər bir aktrisa üçün şərəf və məsuliyyətdir.

Şuşa Musiqili Dram teatrı yeni klassik bir əsərlə tamaşaçıların görüşünə hazırlaşır. İnanırıq ki, səhnədə daha bir uğurun şahidi olacağıq. Bütün kollektivə bol bol tamaşaçı alqışı arzu edirik.

Təranə Feyzullayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR