Barak Obama, bəs siz harada idiniz? - FOTO

Barak Obama, bəs siz harada idiniz? - FOTO
13:52 13 Yanvar 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+

"Dünyanın 50 ölkəsinin dövlət və hökumət başçıları Parisdə azadlıq, demokratiya, söz və vicdan azadlıqlarını qorumaq, hifz etmək istəyən insanların yanında idilər. Onlar yürüşə qatılmışdılar. Amma ABŞ prezidenti orada yoxdu. Barak Obama, bəs siz harada idiniz?! Özünü "azad və demokratik dünyanın lideri" sayan insan - siz niyə orada yoxdunuz?!"

Britaniyanın ən məşhur jurnalistlərindən biri Pirs Morqanın The Daily Mail-in bugünkü sayında dərc olunmuş "50 dünya lideri azadlığa doğru yürüdü. Bəs azad dünyanın lideri hanı? Futbola baxmaq və topu buraxmaq" adlı məqaləsində belə sual çox sərt şəkildə qoyulub.
 
49 yaşlı Pirs Morqan "First News"un baş redaktoru və ABŞ-ın CNN telekanalındakı "Piers Morgan Tonight" proqramının aparıcısıdır. O, siyasi telejurnalistikada əfsanəvi Larri Kinqin varisi sayılır.
 
Pirs Morqan məqaləsində yazıb: "Paris küçələri ilə 1,5 milyondan artıq insan yeriyirdi. Onların bəziləri ağlayır, bəziləri gülür, bəziləri "Je suis Charlie!" qışqırır, bəziləri də "Marselyoza" oxuyurdular. Marşa dünyanın 50 ölkəsinin dövlət və hökumət liderləri başçılıq edirdilər. Fransa, Britaniya, İspaniya, Danimarka, Polşa, Türkiyənin baş nazirləri Almaniyanın kansleri, Fələstin prezidenti və İordaniya kralı ilə çiyin-çiyinə durmuşdular.
Fantastik mənzərə idi. Amma adi mənzərə deyildi. Bu yürüş sanki Uinston Çörçilin iki barmaqla göstərdiyi məşhur "Viktoriya!" işarəsinin təzahürü idi ki, bir neçə gün əvvəl Fransada xaos yaymaq istəyən qorxaq terrorçulara qarşı yönəlmişdi.
 
Mesaj çox aşkardı: "Siz bizə hücum edərək güllələyə, bombalaya bilərsiniz. Amma heç vaxt bizə qalib gələ bilməyəcəksiniz!"
Fəqət, hər şeyə rəğmən otaqda böyük fil vardı. Daha doğrusu, fil otaqda gözə dəymirdi.
Dünyanın ən qüdrətli dövləti ABŞ-ın rəhbəri o liderlər arasında yoxdu.
 
ABŞ prezidenti Barak Obama Parisdəki marşa qatılmadı.
Onun xanımı, amerikalıların birinci ledisi marşda yoxdu.
Vitse-prezident Cozef Bayden və ya dövlət katibi Kerri də gözə dəymədi.
 
Hətta ABŞ-ın baş prokuroru Erik Holder də marşa qatılmadı: o, sadəcə, Parisdə "terrorizmlə mübarizə ilə bağlı" danışıqlar apardı.
Barak Obama qərar verdi ki, marşda ABŞ-ı amerikalıların Fransadakı səfiri Ceyn Hartli təmsil etməlidir. Dünənədək bu adam barəsində heç nə eşitməmişəm və düşünürəm ki, Yer kürəsindəki insanların 0,00001%-i belə, bu insanı tanımır. Sayğısızlıq etmək niyyətində deyiləm - sadəcə, faktı nəzərə çatdırıram.
 
İndi biz anlayırıq ki, ABŞ prezidenti üçün insanların ağrı-acıları, onun kütlənin nəzərində necə görünmsi önəmli deyil. Məsələn, o, ABŞ vətəndaşının başının bədənindən ayrılmasını əks etdirən videonun yayılmasından cəmi bir neçə dəqiqə sonra qolf oynamağa yollana bilər.
Yazım Obama barədə yox, bizlər barədədir. O kəslər ki, azadlığa və demokratiyaya ən iyrənc hücumlardan birinə qarşı çıxdıq.
Siz "azad dünyanın lideri" sayılırsınızsa və ən böyük, ən yaxın müttəfiqlərinizdən birinin ərazisində belə iyrənc terakt törədilirsə, dünyanın ən bahalı təyyarəsinə oturaraq Parisə yollanmaq, hamı ilə birlikdə marşa qatılmaq olardı.
 
Barak Obama marşda olmalı, dövlət və hökumət liderlərinin yanında yer almalıydı.
Bu, sadəcə hərbi və ya siyasi dəstək olmayacaqdı. Telefonla zəng vurub başsağlığı verməyə də zərurət qalmayacaqdı.
Dediyim odur ki, bəzən dostlarla çiyin-çiyinə durub bir səslə danışmaq gərəkdir.
 
Belə anlar tez-tez olmur. Amma olanda dostlarla birlikdə addımlamaq lazımdır.
Ən qəribəsi isə odur ki, Parisdə milyonlar küçələrə çıxıb marş keçirəndə Barak Obamanın Vaşinqtonda ciddi görüşü, danışıqları və ya toplantısı yoxdu.
 
O, sözün əsl mənasında evdə oturmuşdu. Məndə olan məlumatlara görə, Parisdə insanlar terrora lənət oxuyanda Barak Obama evində oturub NFL-dəki matçlardan birinə baxırmış.
 
Bir düşünün: dünyanın ən qüdrətli ölkəsinin başçısı, terrorla qlobal savaşda ən mühüm oyunçu Parisə yollanmaq əvəzinə evdə oturub futbola baxır.
Onun xanımı da yanında, evdə idi.
 
ABŞ-ın vitse-prezidenti Co Baydenə gəldikdə isə, o da Delaver ştatındakı Uilminqtondakı evinə qayıtmışdı. Yəqin, o da futbola baxırdı.
Hə, az qala unutmuşdum: ABŞ dövlət katibinin köməkçisi, xanım Viktoriya Nuland da Parisdə, səfirin yanında idi.
Nuland... ABŞ-ın Parisdəki səfiri Hartli ilə müqayisədə daha az tanınan bir adam.
 
İndisə gəlin, 14 il əvvələ qayıdaq.
2001-ci ilin sentyabrın 11-i, ABŞ-dakı məşum teraktlar.
 
Amerikalıların avropalı müttəfiqləri dərhal okeanın o tayına yollandılar. Britaniyanın baş naziri Toni Bler də onların arasında idi.
Vaşinqtona ilk gedən və Corc Buşa dəstək olan bilirsinizmi kimdi?
Fransanın o dönəmdəki prezidenti Jak Şirak.
 
Yəqin, bütün bunları istehza ilə yazmamalıyam, eləmi?
 
Bir anlıq təsəvvür edir ki, ABŞ tarixində ən məşum, ən böyük, ən qanlı terror aktından sonra Britaniya Vaşinqtona səfirini və ya Fransa XİN başçısının müavinini yollayır.
 
ABŞ prezidenti Corc Buş inciyər, Ağ Evin əməkdaşları hiddətlənərdi. ABŞ mediası və xalqının qəzəbinin həddi-hüdudu olmazdı.
İndi tək Fransada yox, Avropadakı insanların hansı hisslər keçirdiyini təsəvvür etdinizmi?
ABŞ prezidenti Barak Obamanın bu səhvi onu, Ağ Evi biabır edir, amerikalıları çox pis vəziyyətdə qoyur. Çünki o amerikalıların tam əksəriyyəti Parisdəki teraktdan dəhşətə gəlmişdilər.
 
Los-Ancelesdəki supermarketlərdən birinə getmişdim. Orada üç nəfərin əynində üzərinə "Je suis Charlie" yazılmış mayka vardı.
2001-ci ilin sentyabrın 11-dəki teraktdan sonra belə halla qarşılaşmamışdım.
 
Ona görə deyirəm ki, Barak Obamanın bu hərəkətinə heç bir bəraət yoxdur".
O, Parisdə baş verən faciənin miqyasını anlamadı, yürüşün önəmli hissəsi olmadı.
 
Bu, bağışlanmazdır.
 
50 il sonra 103 yaşlı Barak Obamanın nəticələrindən biri ondan "Baba, bəs sən o gün nə etdin?!" soruşa bilər.
 
Və azad dünyanın sabiq lideri söyləməli olacaq: "Mən o gün futbola baxırdım".
 
Belə..."

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR