Bakıya axan insan seli

Bakıya axan insan seli
14:16 13 Yanvar 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+

“Artıq Azərbaycan miqrant verən yox, miqrantları qəbul edən ölkəyə çevrilib. Hazırda ölkədə 200 mindən çox miqrant yaşayır". Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı 2008-ci ildən bu yana miqrasiya müsbət saldo müşahidə edildiyini və ölkəyə gələn miqrantların sayının ildən ilə artdığını deyir: "Miqrantlar əsasən Gürcüstan, İran, Rusiya, Ukrayna və Türkiyə vətəndaşlardır"

2014-cü ilin yekun rəqəmləri açıqlanmasa da, miqrasiya üzrə ekspertin söylədiyi bu rəqəmi Dövlət Statistika Xidmətinin saytında yerləşdirilmiş statistik göstəricilər də bunu təsdiq edir. Statistikaya görə, noyabr ayında Dövlət Miqrasiya Xidmətinə ölkədə yaşamaq üçün 7725 nəfər müraciət edib. 64 min 56 nəfər isə olduğu yer üzrə qeydiyyat üçün müraciət edib. Yəni təxminən 70 mindən çox miqrant özünü bəyan edir.

Amma bu aysberqin görünən tərəfidir. Ölkədə çox sayda miqrant var ki, heç bir yerdə qeydiyyata düşmədən 3 ayda bir dəfə Gürcüstan sərhədindən və ya Rusiya sərhədindən keçərək, təkrar ölkəyə daxil olurlar. Əsasən, etnik azərbaycanlı olan bu miqrantlar ya qeyri-rəsmi fəaliyyətlə məşğul olur, ya da yaxın qohumlarının evlərində yaşayaraq, vəziyyətin düzələcəyini gözləyirlər.

ANS PRESS-in araşdırmasına görə, etnik azərbaycanlı olan miqrantlar ölkəyə əsasən Rusiya, Ukrayna və Gürcüstandan gəlirlər. Rusiya və Ukraynadan etnik azərbaycanlıların tarixi vətənlərinə geri dönməsinin səbəbi aydındır - son bir neçə ayda MDB məkanı üzrə yalnız Azərbaycan manatı özünü sabit göstərir. Əksər MDB ölkələrinin valyutası 20%, Rusiya və Ukrayna milli valyutaları isə uyğun olaraq 80% və 100% qiymətdən düşüb. Təbii ki, bu, özləri Rusiya vətəndaşı olan, amma ailələri Azərbaycanda yaşayan bir çox insanları ölkəyə qayıtmağa məcbur edib. İndi onlar ya kəndlərdə oturub təsərrüfat işləri ilə məşğul olurlar, ya da şəhərlərdə qeyri-rəsmi alverlə məşğuldurlar.

2014-cü ildə ümumi daxili məhsulda (ÜDM) neftdənkənar bölmənin payı təxminən 6 faiz artıb ki, bu da çox sayda yeni iş yeri deməkdir. Həmin iş yerlərinin bir qismi Rusiyadan və Ukraynadan gəlmiş etnik azərbaycanlılar da həmin yerlərdə iş yerlərinin bir qismini tuturlar. Həmin iş yerlərinin bir qismi də geri qayıtmış əmək miqrantlarının hesabına tutulub. Rusiya miqrasiya xidmətinin məlumatına görə, 2014-cü ilin sonuna kimi bu ölkədə azərbaycanlı miqrantların sayı 52 min azalıb. Rusiya və Ukrayndan Azərbaycana gələn etnik azərbaycanlıların sırasında Gürcüstan vətəndaşları da var ki, bu, Cənubi Qafqaz qonşumuzdan Azərbaycana gəlmiş əmək miqrantlarının sayını xeyli artırır.

Təbii ki, ölkəyə bu qədər yeni işçi qüvvəsinin gəlməsi əmək bazarında müəyyən sıxlıq yaradır və Azərbaycan vətəndaşlarının bir qismi üçün iş tapmaqda çətinlik yaradır. Miqrasiya üzrə ekspert Azər Allahverənov məhz buna görə bildirir ki, iş yerlərində vakansiyalar ilk növbədə Azərbaycan vətəndaşlarına təqdim edilməlidir.

Lakin ekspertin sözlərinə görə, həmin vətəndaşların Azərbaycana gəlməsinin müsbət tərəfləri də var. "Bu insanların çox etnik azərbaycanlıdır və müəyyən peşə səviyyəsinə malikdir. Onları Azərbaycanın əmək bazarına qazandırmaq lazımdır. Bir qismi də artıq əmək bazarında yer tutub. Bu, könüllü iş olsa da, onların Azərbaycan vətəndaşlığına keçməyə həvəsləndirmək lazımdır. Bu, ölkənin gələcəyi üçün lazımdır. Məndə olan məlumata görə, başqa ölkələrdən dönən soydaşlarımızın bir xeylisi artıq Azərbaycan vətəndaşlığına keçmək üçün ərizə verib. Yəni bu məsələdə müsbət məqamlar çoxdur",- deyə Azər Allahverənov vurğulayır.

Lakin Azərbaycana yalnız etnik azərbaycanlılar gəlmir. Üçüncü dünya ölkələrindən Azərbaycan gələnlərin sayı on minlərlədir və onlar ucuz iş qüvvəsi kimi əmək bazarında ciddi problemlər yaradır. "Biz bu cür miqrantları qəbul edərkən bir az diqqətli olmalıyıq. Ölkədə yeni iş yerlərinin, yeni iqtisadiyyat sahələrinin yaradılmasına yardım edəcək əmək miqrantlarını qəbul etməliyik. Məsələn, turizmin, maşınqayırmanın, elektronika sənayesinin inkişafına təkan verəcək əmək miqrantlarına üstünlük verməliyik. Yoxsa, saç ustalarının, şirniyyat bişirənlərin xarici olmasının Azərbaycana nə dəxli var?»- deyə Azər Allahverənov vurğulayır.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR