Rusiyanın çökdürülməsində ABŞ-ın əlində ən əsas rıçaq odur

Rusiyanın çökdürülməsində ABŞ-ın əlində ən əsas rıçaq odur
14:47 13 Yanvar 2015
193 Digər
Ölkə mətbuatı
A- A+

“Keyfiyyət dəyişiklikləri Ukrayna proseslərinin Rusiya ilə Qərb arasında qarşıdurma parametri kimi uzun müddət davam edəcəyini göstərir. Qərb Ukrayna uğrunda mübarizəni uzatmaqdan ötrü əlavə resurslar yaratdı. Ukraynanın özündə də Rusiya ilə qarşıdurmanı uzatmaq üçün əlavə resurslar bazası yaradılıb. Qərbin Rusiyanı çökdürmək niyyəti ciddidir və təhlükəlidir. Ukrayna prezidenti Pyotr Poroşenko ritorika və PR-aksiyalar vasitəsilə Qərblə Rusiya arasındakı qarşıdurmanı intensivləşdirməklə Ukraynanın problemlərini həll edəcəyini düşünür. Bu P.Poroşenkonun əlində yeganə mümkün variantdır”.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Rusiya yalnız Krıma iddia edir: “Rusiya prezidenti Vladimir Putin Krımı rus xalqı üçün müqəddəs elan etdi: Krım slavyan xalqlarının beşiyidir. İslama və iudaizmə iman gətirənlər üçün Yərusəlimdəki Məbəd Dağı nədirsə, Slavyan xalqları üçün də Krım odur. ABŞ-la Rusiya Ukrayna ilə əlaqəli digər məsələlərdə razılığa gəldilər. ABŞ Dövlət katibi Con Kerri Rusiyanın Ukrayna ilə əlaqəli mövqeyinin dəyişdiyini etiraf etdi. Rusiya Ukraynanın ərazi bütövlüyünə dəstək verdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov P.Poroşenkonu Ukrayna üçün yaxşı şans adlandırdı. S.Lavrov Donbasın ikinci Krıma çevrilməyəcəyini bildirdi. “İskander-M” raketlərini Kalininqraddan ölkənin içərilərinə doğru çəkdi. Məhz bu üç addıma görə Kerri Rusiyanı təriflədi. Amma Ağ Ev tamam fərqli mövqe nümayiş etdirdi. Yeri gəlmişkən, bu ən azı üçüncü dəfədir ki, belədir; ABŞ Dövlət Departamenti ilə Ağ Ev arasında anlaşılmazlıq baş verir. Sabiq dövlət katibi H.Klinton Suriya proseslərinin intensiv dövründə Bəşər Əsədin hakimiyyətdə qalmasının ABŞ üçün daha sərfəli olduğunu başa düşdü, bu mövzuda Suriya rəsmilərilə danışıq apardı, mətbuata bu istiqamətdə açıqlamalar verdi. Obama administrasiyası Klintonun hazırladığı planın tam tərsinə hərəkət etdi. İranla bağlı ABŞ-ın Dövlət Departamenti ilə Ağ Evin fikirləri bəzən polyar prizmalardan fərqlənir. Avropa dövlətlərinin Fələstinin müstəqilliyinin tanınması prosesi ABŞ Dövlət Departamentinin dəstəyilə başladı.Con Kerri hətta Fələstin dövlətinin tanınmasını sülhə gedən yol adlandırmışdı. Sonradan B.Obama administrasiyası Fələstin dövlətinin tanınmasına münasibətini dəyişdi. Beləliklə, yenidən ABŞ Dövlət Departamenti çətin vəziyyətə düşdü. İndi də ABŞ Dövlət Katibi RF-in Ukrayna məsələsindəki mövqeyinin dəyişməsinə nail olur, bunu təqdir edir. B.Obama administrasiyası isə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir. Belə vəziyyət Ukrayna proseslərinin tənzimlənməsini deyil, P.Poroşenkonun konfliktogenliyinin güclənməsinə xidmət edir. P.Poroşenko Ukraynanın bloklara qoşulmamaq statusunu ləğv etdi. NATO dərhal Ukrayna radasının qərarını bəyəndi”.

Politoloq qeyd edib ki, Ağ Ev əvvəlki dövrlə müqayisədə mövqeyini yumşaltdı, amma Ukraynanın NATO-ya üzvlüyünün NATO-ya aid məsələ olduğunu bildirdi:

“Az keçmiş ABŞ və NATO yenidən mövqelərini dəyişdilər. Ukraynanın NATO üzvlüyünə neqativ münasibət bildirmədən əlavə addımlarla bu məsələyə öz münasibətlərini bildirdilər: NATO-nun baş katibi bəyan etdi ki, Ukrayna üzvlüklə bağlı ərizə verməzdən qabaq islahatlar aparmalıdır. ABŞ isə Ukrayna, Gürcüstan və Moldovanın “ABŞ-ın NATO-dan kənar əsas müttəfiqləri” olmaq barədə müraciətinə rədd cavab verdi. Ukraynaya əvvəlcə silah vermək məsələsi müsbət fonda müzakirə olunurdusa, sonradan yenə Ukraynaya hücum və ya öldürücü silahlar verməyəcəklərini bildirdilər. NATO ümumiyyətlə Ukraynaya yeni deyil, işlənmiş, köhnə silahlar verməyə hazır olduğunu bildirdi”.

M.Əhmədoğlu qeyd edib ki, Qərb-Rusiya qarşıdurmasında Rusiya üçün gözlənilmədən yeni istiqamət yarandı:

“Rusiyanın Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşları olan Qazaxıstan və Belarus həm Ukraynaya qarşı xoş münasibət göstərməyə başladılar, həm də Qərblə əlaqələrini intensivləşdiriblər. Qazaxıstan və Belarusun NATO və ABŞ-la əlaqələrini genişləndirməsi Rusiyanın səhvidir; ABŞ Kuba ilə münasibətləri normallaşdırdı. Bu barədə prezident B.Obama və Kubanın rəhbəri R.Kastro eyni vaxtda mətbuata açıqlama verdilər. Təxminən yarım əsrdən sonra münasibətlərin normallaşmasının əsas hədəfi Rusiyadır; V.Putin İranla Rusiya arasında problemlərin olduğunu açıq şəkildə etiraf etdi.İranla Rusiya arasında imzalanmış neft və digər iqtisadi əməkdaşlıq müqavilələri ABŞ-da narahatlıq yaratdı. Amma sonradan İran Rusiya ilə imzaladığı müqavilələri icra etməkdən boyun qaçırdı. Eləcə də İran Moskvada keçirilməsi nəzərdə tutulan Suriya ilə bağlı danışıqlarda iştirakdan imtina etdi. Bu danışıqlara hazır olmadığını bildirdi; Rusiyanın çökdürülməsində ABŞ-ın əlində ən əsas rıçaq Səudiyyə Ərəbistanının neftin dempinqi siyasətidir. Səudiyyə Ərəbistanının bəyanatlarından aşkar görünür ki, onların mövqeyi bazar iqtisadiyyatı prinsiplərinə deyil, siyasətə söykənir. Neftin qiyməti 40 dollardan aşağı düşsə də hasilatı azaltmayacaqlarını bildirirlər”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR