Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması ilə bağlı görülən işləri açıqladı

Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması ilə bağlı görülən işləri açıqladı
14:58 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Azad Həsənov/

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin dəyişməsi ilə bağlı müxtəlif məzmunlu yazılar verilir.

Mərkəzi Bankdan Trend-ə daxil olan məlumata görə, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Mərkəzi Bankın valyuta ehtiyatları makroiqtisadi sabitliyin mühüm amillərindən biri olmaqla məzənnə sabitliyinin qarantı, valyuta böhranlarına qarşı “təhlükəsizlik yastığı”dır. Bununla əlaqədar valyuta bazarında tələb və təklifin balanslaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank bazara alış və ya satış yönlü müdaxilələr edir.

Bu məqsədlə də Mərkəzi Bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilmişdir. Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə etmişdir.

Lakin, dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərmişdir. Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə etmişdir. Nəticədə manatın sabitliyi qorunmuş, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq 143 milyon ABŞ dolları məbləğində artımda qalmışdır. Beləliklə, görülən çevik tənzimləmə tədbirləri nəticəsində valyuta bazarında tam sabitlik təmin olundu və artıq Mərkəzi Bank bazarda alışyönlü müdaxilə rejiminə qayıtmışdır.

Halbuki, Rusiyada, eləcə də digər qonşu ölkələrdə mərkəzi bankların əhəmiyyətli valyuta satışı müdaxilələrinə baxmayaraq milli valyutaların sabitliyini qorumaq mümkün olmamışdır. Nəticədə, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğramışlar. Rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, belarus rublu 17%, Ukrayna qrivnası 90%, turk lirəsi 8% ucuzlaşmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR